Press "Enter" to skip to content

Diplomatik münasibətlərə həsr edilmiş konsert

Tədbir zamanı

Son yeniləmə: 23 İyun 2022 09:06

Bayraqdar.info – İyunun 22-də Azərbaycanla Rumıniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında qala konsert təşkil edilib.

Bayraqdar.info xəbər verir ki, konsertdən əvvəl çıxış edən Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare ölkələrimiz arasındakı münasibətlərdən danışıb. Diplomat bildirib ki, qarşılıqlı əlaqələr dinamik şəkildə inkişaf edir. Münasibətlərin daha da inkişafı istiqamətində ardıcıl addımlar atılır. Bu addımlar öz bəhrəsini verməkdədir.

Sonra çıxış edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iki ölkə arasında mövcud münasibətlərdən danışıb. Nazir qeyd edib ki, 2022-ci ildə Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur: “Bu illər ərzində münasibətlərimiz yüksələn xətt üzrə inkişaf edib. Ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr var. Ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi perspektivdə duran əsas məsələlərdəndir”.

Nazir əlavə edib ki, Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb: “Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birinə dəstək verir. Azərbaycanda tikinti, ticarət, xidmət, rabitə, nəqliyyat və sair sahələrdə Rumıniyanın 14 şirkəti fəaliyyət göstərir. Bu gün çox sayda azərbaycanlı Rumıniyada təhsil alır, işləyir, bununla da ölkələrimiz arasında canlı körpü yaradır. İnanıram ki, növbəti illərdə daha geniş əlaqələrdən danışacağıq. Biz əlimizdən gələni edəcəyik ki, əlaqələrimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlsin”.

Tədbir bədii hissə ilə davam edib.

Mission News Theme by Compete Themes.