Son yeniləmə: 23 İyun 2022 12:36
Bayraqdar.info – Bakıda “Azərbaycan və Tacikistan mədəni əlaqələri nəsildən-nəslə” adlı sərgi – tədbir keçirilib. Layihə rəhbəri Elnurə İsgəndərova olan sərgi Yasamal Rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutub.
E.İsgəndərovanın bayraqdar.info-ya verdiyi məlumata görə, sərgidə 70 rəssam 70 rəsm əsəri ilə iştirak edib: “Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev və xanımı Mühabbet Soliyeva, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Gürcüstan ölkəmizdəki səfiri Zurab Pataradze, Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun, Meksika səfiri Xuan Flores, həmçinin diplomatik korpusun nümayəndələri iştirak edirdi”.
Qeyd edilib ki, tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, həmçinin Ümummilli liderin siyasi fəaliyyətini əks etdirən foto və eksponatlarla tanış olublar: “Sonra Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova sərgiyə gələn fəxri qonaqları və rəssamları salamladı. O, artıq xarici ölkə səfirliklərinin mərkəzdə ziyarətlərinin və sərgilərinin təşkil olunması ənənə halına keçdiyini bildirdi”.
Məlumata əsasən sərgidə iştirak edən Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev bildirib ki, bu cür mədəniyyət tədbirləri iki xalq arasında əlaqələrin daha da yaxınlaşmasına xidmət edir.
Daha sonra təşkilatçı Aygün İsgəndərova sərgidə nümayş etdirilən rəsmlər barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, rəsm əsərləri tacik xalqının adət və ənənələrini, yaşayış tərzini və təbiət mənzərələrini əks etdirir.