Press "Enter" to skip to content

Qazaxıstanlı politoloq: Türk dövlətləri hərbi ittifaq qurmalıdır

Samat Nurtaza

Son yeniləmə: 21 İyun 2022 23:53

Bayraqdar.info – Qardaş Qazaxıstanın Prezidenti Qasım-Jomart Toqayevin Sankt Peterburqda Ukraynanın ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlərin ictimai müzakirəsi hələ də davam edir. Bu fikirlər böyük hesabla təqdir görür, Prezidentə əlavə rəğbətə səbəb olur.

Bayraqdar.info bu və digər bir neçə məsələylə bağlı Qazaxıstanda fəaliyyət göstərən politoloq Samat Nurtaza ilə qısa söhbət edib. Düşünürük ki, ekspertin dedikləri Azərbaycan oxucuları və fikir mərkəzləri üçün olduqca ciddi maraq kəsb edəcək.

Xaqların öz müqəddəratını təyin etmə haqqı və ərazi bütövlüyü bir-biri ilə ziddiyyət təşkil edir

Q-J.Toqayevin Donetsk və Luqansk məsələlərinə münasibətini şərh etməzdən öncə həmsöhbətimiz Qazaxıstan Prezidentinin beynəlxalq təcrübəsini xatırlatmağı zəruri hesab edib: “Unutmayaq ki, Qazaxıstanın indiki Prezidenti uzun müddət BMT-də ikinci şəxs kimi qulluq edib. O, BMT Baş katibi Pan Ki Munun müavini olub. Bu müddət ərzində Q-J.Toqayev olduqca çox sayda, hətta çoxlarının bilmədiyi münaqişələri görüb. Ona görə də Prezident əla bilir ki, iki haqq – xaqların öz müqəddəratını təyin etmə haqqı və ərazi bütövlüyü bir-biri ilə ziddiyyət təşkil edir”.

S.Nurtaza daha sonra Azərbaycanın da bölücülükdən əziyyət çəkdiyini xatırladır və əlavə edir: “Düşünürəm ki, Azərbaycanlılar başqalarından daha yaxşı bilir ki, ərazi bütövlüyü nədir. O baxımdan Prezident BMT klassikasını ifadə edib. Yəni Nizamnaməyə uyğun. Bu baxımdan Ukrayna Ukraynadır. Azərbaycan Azərbaycandır, Qazaxıstan da Qazaxıstandır. Heç kimin haqqı yoxdur ki, bu ölkələrin hansısa hissəsinin başqa kiməsə aid olduğunu desin”.

Prezidentə rəğbət artıb

Ekspert bildirir ki, Prezidentin Ukrayna ilə bağlı mövqeyi ona olan rəğbəti artırıb: “Ona görə də bütün xalq, bütün cəmiyyət bizim prezidentimizi dəstəkləyir. Çünki bölücülük problemi hər yerdə, hətta Rusiyanın özündə də var. “Luqansk Xalq Respublikası”, “Donetsk Xalq Respublikası” kimi istilahları düşünən Rusiyanın özündə belə 21 muxtariyyət var. Tatarıstan, Yakutiya, Çeçenistan və s. kimi. Ona görə bu məsələ önəmlidir. Hələ nəzərə alaq ki, bizi əhatə edən beş qonşu dövlətdən ikisi hegemon mövqedədir: Çin və Rusiya. Çinin də yeri gəlmişkən Tayvan problemi var. Hələ də həll edə bilmir. Çin üçün Tayvan vazkeçilməz bir parçadır. Halbuki bəzi ölkələr Tayvanı müstəqil dövlət kimi tanıyır. Ona görə də bizim Prezidentimiz aydın şəkildə dedi ki, biz nə Tayvanı, nə Kosovonu, nə də bənzər “dövlətləri” tanımırıq”.

“Xatırlatmaq istərdim ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qurularkən biz Ermənistanı bu quruma Qarabağsız qəbul etmişdik. Halbuki Ermənistan çalışırdı ki, bu quruma dırnaqarası “artsax”la birlikdə qəbul edilsin. O “artsax”ı isə heç kim, heç Ermənistanın özü də tanımırdı. O yanaşma da bizim ilk Prezidentimiz Nursultan Nazarbayevin uzaqgörənliyinin göstəricisidir. Həmin siyasət bu gün də davam edir və biz dövlətlərin ərazi bütövlüyünə hörmət edirik. Çünki torpağın hər bir metri öz ölkəsi üçün dəyərlidir. Bunu isə hər kəs anlamalıdır”, – deyə S.Nurtaza bildirir.

Türk dövlətləri güclərini hərbi ittifaqda birləşdirməlidir

Həmsöhbətimiz türk dövlətləri ilə bağlı məsələyə də özünəməxsus münasibət bildirib: “Türk dövlətlərinə gəlincə, bu ölkələr güclərini birləşdirməlidir. Çünki bizim eyni tariximiz, eyni dəyərlərimiz, eyni dinimiz, dilimiz, mədəniyyətimiz var. Yəni daha öncə türk dövlətləri arasında olmuş problemlər aradan qaldırılmalıdır. Biz hardasa NATO-ya bənzər bir qurumda birləşməliyik. Hazırda mədəniyyət sahəsində işlər gedir. Türkiyə filmləri Türkmənistanda, Azərbaycan filmləri Qırğızıstanda nümayiş etdirilir. Amma hələlik rəsmi siyasətlə üst-üstə düşməyən şəxsi fikrim bundan ibarətdir ki, hansısa hərbi türk birliyi qurulmalıdır. Çünki Türkiyə NATO-nun ikinci ən güclü ordusuna sahibdir. Bu ölkə, bu xalq bizə qohumdur. Ona görə də Türkiyə ilə birlikdə Azərbaycan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Qazaxıstan hərbi ittifaqda birləşməlidir”.

“Düşünürəm ki, bu da zaman məsələsidir. Hazırda həm Qazaxıstanın, həm də Azərbaycanın ətrafında sabitlik hökm sürmür. Ukrayna göz önündədir, Tayvanla bağlı nələrsə ola bilər. Bizim Güneyimizdə qırğızlarla taciklər arasında, təəssüf ki, atışmalar olur. O baxımdan sakitlik deyil” deyən ekspert sözlərinə belə davam edir: “Mən şəxsən Azərbaycan xalqına sabitlik arzu edirəm. Narahatam ki, Nikol Paşinyandan sonra Ermənistanda hakimiyyətə gələcək güclər yenidən heç kimin tanımadığı dırnaqarası “artsax” məsələsini gündəmə gətirə bilər. Bu baxımdan Azərbaycan hər an diqqətli olmalıdır. Bəli, İlham Əliyevin başçılığı altında 44 gün içində möhtəşəm qələbə qazanıldı. Bütün dünya Azərbaycan Ordusunun şücaətini gördü. Lakin düşünürəm ki, arxayınlaşmaq olmaz. Yəni türk birliyi lazımdır ki, “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” olsun. Bir daha deyirəm, bunlar mənim subyektiv fikirlərimdir”.

Mission News Theme by Compete Themes.