Press "Enter" to skip to content

Qazaxıstan heç vaxt Rusiyanın işğalçı siyasətini dəstəkləməyib

İslam Kurayev

Son yeniləmə: 22 İyun 2022 09:03

Bayraqdar.info – Başlıqdakı fikir Qazaxıstanlı siyasi şərhçi İslam Kurayevə aiddir.

Qazaxıstanın xarici siyasəti ilə bağlı bayraqdar.info-nun suallarını cavablandıran şərhçi bildirib ki, onun ölkəsi bütün ölkələrin torpaq bütünlüyünə hörmətlə yanaşır və eyni münasibəti də özünə qarşı gözləməkdə haqlıdır.

Məlum Sankt Peterburq forumunda Ukraynanın Luqansk və Donetsk bölgələri ilə bağlı suala cavab verərkən Prezident Qasım-Jomart Toqayevin sərgilədiyi mövqeyə də toxunan İ.Kurayev məsələyə bir az daha geniş aspektdən baxmağın tərəfdarıdır.

“Qeyd etmək lazımdır ki, Qazaxıstanın mövqeyi, Prezident Q-J.Toqayevin də qeyd dediyi kimi, BMT-nin əsas qaydalarına söykənən beynəlxalq prinsiplərə uyğundur. Biz əvvəllər müttəfiqlərimizlə hər hansı qarşıdurmaya bulaşmamağa çalışırdıq. Rusiya axı bizim strateji tərəfdaşımızdır. Biz nisbətən loyal diplomatik münasibətlər qururduq. Margarita Simonyan Sankt Peterburq forumunda Prezident Q-J.Toqayevi müəyyən mənada dalana dirəmək istədi. Belə bir durumda Prezident aydın cavabdan yayınardısa, bu, düz olmazdı. Hər şeydən öncə belə yanaşma ona qarşı narazılıq dalğasına səbəb olardı, onu öz ölkəsində zəif hesab edərdilər. İkinci məqam isə sanksiyalarla bağlıdır. İlkin sanksiyalar, dolayı sanksiyalar. Qazaxıstan bunlardan yayınmaq istəyir və heç vaxt başqa ölkələrin sərhədinin pozulmasını da dəstəkləməyib. Yəni bu ölkə həmişə dövlətlərin ərazi bütövlüyündən yana olub. Özəlliklə də söhbət unitar dövlətlərdən gedirsə”, – deyə siyasi şərhçi bildirib.

Abxaziya, Güney Osetiya, Krım…

İ.Kurayev qeyd edib ki, Qazaxıstan heç vaxt Rusiyanı bu işğalçılıq siyasətində dəstəkləməyib: “Elə Abxaziya və Güney Osetiya məsələsində də belə olub. Krım məsələsində də, Donetsk və Luqansk məsələsində də. Əlbəttə, dövlətin birinci şəxsləri bu cür məsələlərdə səs-küylü şərhlərdən yayınıblar. Lakin son vaxtlar yüksək vəzifəli şəxslər, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyasının rəsmiləri bu məsələylə bağlı mövqe bildiriblər. Bu isə heç də az deyil. Yəni belə çıxışlar bir qayda olaraq dövlətin mövqeyi ilə uyğunlaşdırılır. Belə deyə bilərik ki, bu cür mövqelər elə ölkənin birinci şəxsindən qaynaqlanır”.

Siyasi şərhçi daha sonra əlavə edib ki, “biz strateji tərəfdaşımız Rusiya ilə münasibətləri pozmamağa çalışırdıq. Çünki bu cür məsələlər onun üçün də həssas ola bilər. Lakin biz də suveren dövlətik və öz mövqeyimiz var. Əgər belə bir məsələ başqa ölkələrə aiddirsə, eynisi Qazaxıstanla da baş verə bilər. Ona görə də cavab belə aydın, dəqiq oldu”.

Qazaxıstan manevr etməli olur

Ümumilikdə Qazaxıstanın xarici siyasət kursuna gəlincə, həmsöhbətimiz belə deyir: “Bəllidir ki, Qazaxıstan mürəkkəb geopolitik məkanda yerləşir. Çin və Rusiya kimi iki nəhəngin arasında. Digər tərəfdən də qeyri-sabit Orta Asiya, sanksiyalar altındakı İran, Əfqanıstan. Bütün bunlar Qazaxıstanın durumunun heç də asan olmadığına işarədir. Ölkə bir sabitlik adasıdır və burada xarici münasibətlər üzrə müəyyən siyasət aparmaq asan deyil. Yaxşıdır, pisdir, demək çətindir. Ona görə də manevr etmək, hardasa güzəştə getmək lazım gəlir. Yaxud da öz milli maraqlarını dəqiq müdafiə etməli olursan. Qazaxıstan da bunu edir. Biz əvvəllər çoxvektorlu siyasət aparırdıq və burada əsas vektor iqtisadi məsələləri əhatə edirdi. Amma Q-J.Toqayevin hakimiyyət başına gəlməsilə siyasi aspekt önə çıxmış oldu. Qazaxıstan qlobal platformalarda daha dəqiq və daha qəti bir şəkildə öz milli maraqlarını müdafiə etmək qərarına gəlib. Başa düşüləndir ki, böhran dövründə siyasətçilər çox məsələni həll edə bilir”.

Mission News Theme by Compete Themes.