Press "Enter" to skip to content

Özbəkistan-Azərbaycan münasibətlərində yeni dövr

Naqif Həmzəyev

Naqif Həmzəyev: Səfər zamanı iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq haqqında sazişlərin imzalanması xüsusi önəm kəsb edir

Bayraqdar.info – “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri iki ölkənin xalqları tərəfindən böyük rəğbət və sevinclə qarşılanıb. Özbəkistanla Azərbaycan dost qardaş ölkələrdir. İki ölkə arasında çox yaxın münasibətlər var. Bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir”.

Bunu Prezident İlham Əliyevin Özbəkistana səfərini bayraqdar.info üçün dəyərləndirən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

İki qardaş ölkə arasında münasibətlərin yeni mərhələsi

Millət vəkili qeyd edib ki, səfər bir çox məqamlarına görə diqqət mərkəzində oldu: “Cənab Prezidentin Özbəksitanda qonaqpərvərliklə qarşılanması, Daşkəndin mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş guşənin yaradılması, həmçinin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycanla, o cümlədən ulu öndərlə bağlı xoş sözləri, səfər çərçivəsində iki dövlət arasında 20-yə yaxın sənədin imzalanması səfərin əhəmiyyətindən xəbər verir. Hesab edirəm ki, həm bu sənədlər, həm də qlobal xarakter daşıyan “Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə” Özbəkistan-Azərbaycan münasibətlərinin gələcək inkişafı üçün əsas olacaq”.

N.Həmzəyevin sözlərinə görə, hər iki ölkənin liderinin səfər zamanı verdikləri bəyanatlardan da bəlli oldu ki, Özbəkistan-Azərbaycan münasibətlərində yeni dövr başlayıb: “Görüşlərdə də bəyan edildiyi kimi, iki qardaş ölkə arasında münasibətlərin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün hökumətlərə müvafiq tapşırıqlar verilib. Qeyd edim ki, səfər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş”in imzalanması xüsusi önəm kəsb edir. Daha doğrusu, bu sazişlər ikiqat önəm kəsb edir. Birincisi, iki ölkə arasında əməkdaşlıq daha da dərinləşir, ikincisi isə Türk Dövlətləri Təşkilatı məkanında artıq hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələr yeni, özü də strateji mərhələyə qədəm qoyur. Yəni göründüyü kimi artıq türk dünyasını əhatə edən ölkələr müxtəlif təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün öz güclərini birləşdirir, gələcəkdə mümkün təhlükələrdən sığortalanmaq üçün müvafiq addımlar atırlar”.

“Sonda qeyd etmək istəyirəm ki, səfər zamanı dahi şairimiz Məhəmməd Füzulinin əlyazmalarından birinin Prezident İlham Əliyevə hədiyyə olunması da Azərbaycana, Azərbaycan xalqına və cənab Prezidentə böyük hörmətin və rəğbətin bariz nümunəsidir. Həm bu, həm də cənab Şavkat Mirziyoyevin “Bu, bir daha onu göstərir ki, özbək xalqı əsrlər boyu Azərbaycan mədəniyyətinə böyük hörmət və maraq bəsləyir. Xüsusi qeyd etmək istəyirəm ki, özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvai böyük Nizami Gəncəvinin əsərlərindən ilham alırdı, Nizamini “şairlərin şahı” adlandırırdı. O, Nizamiyə belə qiymət verirdi. İki xalqın qarşılıqlı münasibətlərinin şanlı tarixi bizim günlərdə də çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaradıb” sözləri iki xalq arasında tarixi keçmişə söykənən mədəni əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə bir işarədir”, – deyə deputat əlavə edib.

Mission News Theme by Compete Themes.