Son yeniləmə: 22 İyun 2022 14:04
Anar Əliyev: Dəstək tədbirləri, şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı sosial proqramların genişləndirilməsi işləri qarşıdakı dövrdə də davam edəcək
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) daha bir qrup şəhid ailəsi üzvü və Vətən müharibəsi iştirakçısı ilə görüş keçirilib.
Bu barədə bayraqdar.info-ya iyunun 22-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə icra olunan sosial dəstək tədbirlərindən bəhs olunub: “Görüşdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Adil İbrahimlinin atası Asəm İbrahimli, Vətən Müharibəsi Qəhrəmanı şəhid Surxay Noçuyevin atası Əbdül Noçuyev, həmçinin digər şəhid ailələrinin üzvləri və qazilərimiz iştirak edib. Çıxış edən şəhid ailələrinin üzvləri, qazilərimiz onların rifahı, sosial-məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərdən, göstərilən dəstəkdən razılıqlarını, diqqət və qayğı ilə əhatə olunduqlarına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Həmçinin rəy və təkliflərini ifadə ediblər”.
Məlumata əsasən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev müharibədən sonrakı dövrdə şəhid ailələrinin, qazilərimizin sosial müdafiə və aktiv məşğulluq proqramları, reabilitasiya xidmətləri ilə əhatə olunması üçün aparılan işləri diqqətə çatdırıb: “Bildirilib ki, postmüharibə dövründə şəhid ailəsi üzvləri və qazilərdən ibarət 100 min şəxsə 190 min xidmət göstərilib. Onlardan 93 min şəxsə proaktiv qaydada 104 min sosial ödəniş təyin olunub. O cümlədən, şəhidlərin ailə üzvləri olan 7 min 979 nəfərə, İkinci Qarabağ müharibəsi veteranları olan 81 min 856 şəxsə aylıq sosial ödənişlər təyin olunub. Müharibədə yaralanmış və müalicə müddəti bitmiş hərbçilərdən 3 min şəxsə əlillik və sosial ödənişlərin təyinatı aparılıb”.
Qeyd edilib ki, şəhid ailələri və müharibə əlillərinin mənzillə təminatı proqramı keçən il 5 dəfə genişlənib və postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12 min 500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib: “Son 4 ildə də 1 min 500, postmüharibə dövründə 264, bu il 100, ümumilikdə ötən dövrdə 7in m450 müharibə əlilinə minik avtomobili verilib. Vətən müharibəsindən sonra həmçinin 12,1 mindən çox qazi və şəhid ailəsi aktiv məşğulluq proqramlarına cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində də müharibə iştirakçılarının işlə təminatına xüsusi diqqət yetirilir və bu sistemdə çalışanlardan da 176 nəfəri müharibə iştirakçısıdır”.
O da diqqətə çatdırılıb ki, postmüharibə dövründə İkinci Qarabağ müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə,1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi, 2500 qazi reabilitasiya xidmətləri, 5 min ailə sosial-psixoloji xidmətlərlə təmin olunub: “Ötən il şəhid ailələri, müharibə əlilləri, Milli Qəhrəmanların təqaüdləri, bu ilin əvvəlindən müavinətlər növbəti dəfə orta hesabla 60 faiz, son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, müharibə əlillərinə müavinət 2 dəfədən çox, orta aylıq pensiya 75 faiz artıb. Qeyd olunan dəstək tədbirləri, şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı sosial proqramların genişləndirilməsi işləri qarşıdakı dövrdə də davam edəcək.