Press "Enter" to skip to content

Daha bir avtomobil yolu – VİDEO

Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu

Son yeniləmə: 22 İyun 2022 11:51

Bayraqdar.info – Azərbaycanın yol infrastrukturunun yenidən qurulması, müasir səviyyəyə çatdırılması ilə bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir. Bu cür layihələrdən biri də Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun yenidən qurulmasıdır.

Bu barədə bayraqdar.info-ya iyunun 22-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında yenidən qurulan sözügedən yolun uzunluğu 31 kilometr təşkil edir: “Yeddi min əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun 11 kilometr hissəsi köhnə, yararsız asfalt, 20 kilometrlik hissəsi isə torpaq yoldan ibarət idi. Bu isə vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı”.

Qeyd edilib ki, hazırda Agentlik tərəfindən IV texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla təkmilləşdirilən yolun yenidən qurulması ilə bu problemlər aradan qaldırılacaq: “Tikinti layihəsinə uyğun olaraq, hazırda yolboyu torpaq işləri, yol yatağı və yol əsasının inşası aparılır, yolun 4.2 kilometrlik hissəsində dördbucaqlı su keçidinin tikintisi işləri görülür. Artıq yolun əsası hazır olan 5 kilometrlik hissəsinə 2 qat yeni asfalt-beton örtüyü döşənib, 8 kilometrlik hissədə isə asfalt örtüyünün alt layının döşənməsi işləri icra olunur”.

Sözügedən işlərə paralel olaraq yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 ədəd suötürücü boruların quraşdırılması işləri sona çatdırılıb: “Layihə çərçivəsində yolun 25-ci kilometrində yerləşən mövcud 2 ədəd bir aşırımlı avtomobil körpülərinin də bərpası nəzərdə tutulur. Mövcud tikinti norma və qaydalarına uyğun olaraq, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan tikinti işlərinin sonuncu mərhələsində yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəkləri və dayanacaqların quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq”.

Məlumatda o da bildirilib ki, avtomobil yolunun tikintisi ilə vətəndaşların gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşınması asanlaşacaq, yolboyu yaşayan vətəndaşların həyat şəraitinin yaxşılaşmasına, kənd təsərrüfatı inkişafına müsbət təsir edəcək.

Mission News Theme by Compete Themes.