Press "Enter" to skip to content

Qazaxıstanlı deputatdan ölkə Prezidentinin mövqeyinə münasibət

Əbülfəz Xamedov

Bayraqdar.info – Qardaş Qazaxıstanın Prezidenti Qasım-Jomart Toqayevin bugünlərdə Sankt Peterburq forumunda Ukrayna torpağı olan Luqansk və Donetsklə bağlı suala verdiyi cavab hələ də müzakirə mövzusudur. Məsələ həm Qazaxıstanda, həm də ondan kənarda, o cümlədən Azərbaycanda diqqət görməyə davam edir. Bunu nəzərə alaraq bayraqdar.info Qazaxıstan Parlamenti Məclisinin deputatı, Qazaxıstan Azərbaycanlıları Respublika Assosiasiyası İctimai Birliyinin sədri Əbülfəz Xamedovdan qısa açıqlama alıb.

“Qazaxıstan müstəqil bir dövlətdir. İyunun 5-də ölkə Konstitusiyasına dair keçirilən ümumxalq səsverməsində də xalq öz sözünü deyərək Qazaxıstanın yenidən qurulması və dövlətçiliyinin daha da möhkəmləndirilməsi üçün mövqeyini ifadə etdi. Bir neçə gün öncə dövlət başçısı Qasım-Jomart Toqayev Sankt-Peterburqdakı İqtisadi forumda ona verilən sualları cavablandırarkən yeni Qazaxıstanın mövqeyini açıqladı və təbii ki, xaos olmasına qarşı olduğunu qəti şəkildə bildirdi. Ona görə də, “Bu səbəbdən nə Tayvanı, nə Kosovonu, nə Cənubi Osetiyanı, nə də Abxaziyanı tanımırıq. Bu fikrim Luqansk və Donetskə də aiddir. Müstəqil dövlətlərin ərazi bütövlüyünü tanıyırıq” deyə vurqulayan Q-J.Toqayev həqiqəti ortaya qoydu. Əlbəttə, bu, Qazaxıstanın rəsmi mövqeyi idi. Təbii ki, bizim də milli dəyərlərimiz var. Bu dəyərlərin başında tarixi keçmişimiz, kökümüz, milliliyimiz, mədəniyyətimiz və sədaqətimiz durur”, – deyə Ə.Xamedov bildirib.

Deputat daha sonra əlavə edib ki, “Q-J.Toqayev BMT-nin məqsəd və amacını Rusiya Prezidenti Vladimir Putinin qaqrşısında gözünə dik baxaraq ifadə etdi. Aleksandr Nevski ordenindən imtina etməsinə gəldikdə isə, onu deyə bilərəm ki, Prezident Q-J.Toqayev mətbuata açıqlamışdı ki, dövlət başçısı olduğu müddətdə heç bir təltifi, mükafatı qəbul etməyəcək. Məhz bu səbəbdən də o, A.Nevski ordeni ilə təltifdən imtina etdi”.

Mission News Theme by Compete Themes.