Son yeniləmə: 21 İyun 2022 13:47
Bayraqdar.info – Xəbər verildiyi kimi, bugünlərdə qardaş Qazaxıstanın Prezidenti Qasım-Jomart Toqayev Rusiyanın Sankt Peterburq şəhərində keçirilən forumda jurnalistin sualına cavab olaraq ölkəsinin Ukraynanın bölücü Lugansk və Donetsk bölgələrinin müstəqilliyini tanımadığını bildirib. Bu isə istər Rusiya, istərsə də dünyada, o cümlədən də Qazaxıstanın özündə ciddi müzakirələrə səbəb olub.
Məsələylə bağlı bayraqdar.info-ya danışan Qazaxıstanın “Ayqın” (Aiqyn) qəzetinin baş redaktoru Amangeldi Qurmet deyir ki, bu yanaşma yeni deyil və ümumiyyətlə Qazaxıstan dövlətinin belə bölücülük məsələlərində prinsipial yanaşmasının ifadəsidir.
“Prezident Q-J.Toqayevin Lugansk və Donetsklə bağlı mövqeyi öncədən də sərgilənən bir mövqedir. Ondan öncə xarici işlər naziri Muxtar Tleuberdi də bənzər açıqlama ilə çıxış etmişdi. Bu ilin martında isə Prezident administrasiyası rəhbərinin köməkçisi Timur Süleymenov Belçikada bu məsələylə bağlı açıqlama vermişdi. O, Rusiyanın Ukraynaya qarşı əməlini “xüsusi hərbi əməliyyat” deyil, “müharibə” adlandıracaqlarını demişdi. Yəni Qazaxıstan savaşa savaş deyir və belə bölücü torpaqların müstəqilliyini qəbul etmir”, – deyə A.Qurmet bildirib.
Müsahibimiz daha sonra deyib ki, “buna baxmayaraq Prezidentin son açıqlaması Qazaxıstanda əlavə müzakirələrə səbəb olub və ona etimad daha da artıb. Onu da əlavə edək ki, Q-J.Toqayevin S.Peterburq forumu öncəsi Başqırdıstan və Tatarıstan prezidentləri ilə təkbətək görüşləri də əlavə effektə səbəb olub. Yəni Rusiyanın dəstəklədiyi bölücü Ukrayna bölgələrini tanımadığını söyləməzdən öncə Prezidentin məhz Rusiya muxtar qurumlarının başçıları ilə görüşməsi özəl bir mesaj olaraq dəyərləndirilə bilər”.
A.Qurmet onu da əlavə edib ki, “Q-J.Toqayev bu davranışı ilə dövlətin xarici siyasətində müstəqil mövqe sərgilədiyini bir daha göstərib. Mümkündür ki, belə davranmaqla Prezident ölkə içi ictimai rəyin, eləcə də türk dünyasının dəstəyinə güvənmiş ola bilər. Məlumdur ki, Qazaxıstanla qonşu Özbəkistan arasında son dövrlər münasibətlər elə bir mərhələyə yüksəlib ki, artıq müttəfiqlik istiqamətində müəyyən razılaşmalar da əldə edilib. Yaxud da Q-J.Toqayevin may ayında Türkiyəyə rəsmi səfəri, onun ən yüksək səviyyədə qarşılanması, iki ölkə arasında əldə edilən anlaşmalar, özəlliklə də Türkiyə insansız hava araclarının (İHA – PUA) Qazaxıstanda istehsalıyla bağlı razılaşma ölkənin müstəqil xarici siyasət yürütməsinə əlavə dəlildir”.
“Əlbəttə, Qazaxıstan qonşu Rusiyadan da uzaqlaşa bilməz. Çünki 7 min km-lik ortaq sərhədimiz var. Ondan başqa iqtisadi əlaqələrimiz çoxşaxəlidir. Yəni bir-birimizlə çox bağlıyıq. Lakin xarici siyasətdə öz yolumuz vardır. O baxımdan Q-J.Toqayev S.Peterburq forumunda çıxış edərkən bir sıra Rusiya siyasətçilərinin Qazaxıstanla bağlı qəbuledilməz mövqeyinə münasibətini də sərgilədi. Prezident Rusiyanın xarici siyasətində Qazaxıstanla bağlı belə mövqeyi görmək istəmədiyini də diqqətə çatdırdı. Bunun özü də bir mesajdır ki, Rusiyanın hazırda dünyada dostlarının sayı elə də çox olmadığı halda Qazaxıstanla arasının açılmasını istəməz”, – deyə A.Qurmet bildirib.
Ekspert onu da vurğulayıb ki, “bir media təmsilçisi olaraq Prezidentin uzun illər Çində yaşadığını, çin dilini və siyasətini bildiyini nəzərə alaraq proqnozlaşdırılmasıyla bağlı çətinliklərin olduğu qənaətindəyəm. Onun atacağı addımları heç kim öncədən təxmin edə bilmir. Bu baxımdan S.Peterburq forumuna getməzdən öncə Qazaxıstan ictimai rəyində onun o foruma qatılmasına bir təpki vardı. Lakin oradakı çıxışı Qazaxıstan itimai rəyi üçün bir şimşək effekti verdi. Yəni diplomatik bir prezidentin olması Qazaxıstanın öz dövlət mənafelərini daha yaxşı qoruya biləcəyi qənaətini hasil edir. Bu isə bizi sevindirməyə bilməz”.