Son yeniləmə: 21 İyun 2022 10:04
Bayraqdar.info – Özbəkistanın paytaxtı Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Bu barədə bayraqdar.info-ya Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, biznes forumdakı çıxışında KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, Agentliyin fəaliyyəti barədə məlumat verib. O, Azərbaycanda biznes qurmaq istəyən xarici iş adamlarına KOBİA tərəfindən göstərilən dəstək və xidmətləri diqqətə çatdırıb.
Məlumata əsasən biznes forum çərçivəsində KOBİA və Özbəkistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb: “Sənədi Özbəkistanın Ticarət və Sənaye Palatasının rəhbəri Davron Vaxabov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar. Memoranduma əsasən tərəflər ticarət və investisiya imkanları haqqında bir-birilərini məlumatlandıracaq, KOB-lar arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsini dəstəkləyəcək və təşviq edəcək, həmçinin qarşılıqlı biznes missiyalar təşkil olunacaq”.
Əlavə edək ki, iyunun 21-də Prezident İlham Əliyev qardaş ölkəyə iki günlük səfərə gedir.
Azərbaycanla Özbəkistan strateji ortaqlığı daha da gücləndirəcək