Son yeniləmə: 21 İyun 2022 13:49
Bayraqdar.info – Alman Standartlar İnstitutu tərəfindən Bakıda “Milli Standartlaşdırma Fəaliyyətində Beynəlxalq Təcrübə” seminarı təşkil olunub. Tədbir Avropa İttifaqının dəstəyi ilə reallaşdırılan “Azərbaycan Standartlaşdırma İnstitutuna dəstək” Tvinninq layihəsi çərçivəsində keçirilib.
Bu barədə bayraqdar.info-ya iyunun 21-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Azərbaycan Standartlaşdırma İnstitutu, standartlaşdırma üzrə texniki komitələrin nümayəndələri və xarici ekspertlər iştirak ediblər.
Məlumata əsasən, “Azərbaycan Standartlaşdırma İnstitutu”nun baş direktoru vəzifəsini icra edən İlham Bayramov standartlaşdırmanın keyfiyyət infrastrukturunun əsasını təşkil etdiyini vurğulayıb. O, bu sahənin inkişafında texniki komitələrin rolunu qeyd edib, kadr potensialının gücləndirilməsi baxımından “Azərbaycan Standartllaşdırma İnstitutuna dəstək” Tvinninq layihəsinin əhəmiyyətini diqqətə çatdırıb: “ Seminarda xarici ekspertlər tərəfindən standartlaşdırma vasitəsilə ticarətin stimullaşdırılması, milli standartlaşdırma fəaliyyətində beynəlxalq təcrübənin tətbiqi, maraqlı tərəflərin texniki komitələrə cəlb edilməsi və digər mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb”.