Son yeniləmə: 21 İyun 2022 15:10
Bayraqdar.info – “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi – HAZER” layihəsi çərçivəsində yaradılan Milli Texniki Komitənin Qax rayonunda növbəti görüşü keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi nümayəndələri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət agentlikləri və hökumət nümayəndələri, “Agrarco” MMC və “Azərsun” Holdinqin nümayəndələrini, beynəlxalq qurumların təmsilçiləri, digər özəl sektor və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mütəxəssisləri iştirak edib.
Bu barədə bayraqdar.info-ya Azərbaycanda FAO-nun Nümayəndəlik Ofisindən məlumat verilib.
Bildirilib ki, görüşdə fındıq bitkisi genetik ehtiyatlarının mühafizəsi yolları, nümayiş sahələrində davam edən sahə işləri və fındıqçılıqda biokütlə potensialının qiymətləndirilməsinə dair görülən işlər, həmçinin layihə çərçivəsində davam edən digər fəaliyyətlər müzakirə olunub.
Məlumata əsasən görüşdə FAO-nun kənd təsərrüfatı üzrə mütəxəssisi Bonnie Furman çıxış edib. O deyib ki, fındıq istehsalı Azərbaycanın ən vacib kənd təsərrüfatı məhsullarından biridir.
Qeyd edilib ki, fındıq bitkisi iqlim şəraitinə həssas olduğu üçün becərilməsi yalnız dünyanın müəyyən yerlərində mümkündür.
“Fındıq istehsalının daha da dayanıqlı hala gətirilməsi üçün müxtəlif fındıq genetik ehtiyatlarından istifadə etməli və istehsal zamanı yüksək keyfiyyətli texnologiya və üsullardan yararlanmalıyıq. Fındıq genetik ehtiyatlarının qorunub saxlanılması və dayanıqlı hala gətirilməsi bu məhsulun keyfiyyətli istehsalına da uzun müddətli zəmin yaradacaq”, – deyə B.Furman qeyd edib.
Beynəlxalq çoxillik əkin sistemləri üzrə beynəlxalq mütəxəssis Ümit Sərdar isə bildirib ki, Azərbaycanda fındıq yetişdirilən ərazilər torpaq şəraiti baxımından olduqca əlverişlidir. Fındıq yetişdirilən ərazilərin orqanik təsərrüfat bölgəsi elan edilməsi müzakirə oluna bilər: “Ölkədə ən çox yetişdirilən “Atababa” sortunun qabığı digər sortlardan bir qədər qalındır və bu hal məhsuldarlığın, daxili hissənin, yəni ləpənin nisbətinin azalmasına səbəb olsa da, aflatoksinlə mübarizədə böyük rol oynayır. Layihə çərçivəsində fındıq budaması, təmizlənməsi praktiki təlimlərini həyata keçirdik. Düşünürəm ki, bu təcrübələr fındıqda məhsuldarlığın və keyfiyyətin artmasına müsbət təsir göstərəcək”.
Məlumatda qeyd edilib ki, Milli Texniki Komitə əsasən kiçik təsərrüfatlara diqqət yetirməklə Azərbaycanda fındıq istehsalını və keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yaradılıb. Komitə üzvləri dövlət, özəl və qeyri-dövlət təmsil edirlər: “Layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə həyata keçirilir və Azərbaycanın şimal-qərb və şimal-şərq regionlarını (əsas fındıqçılıq rayonları – Balakən, Qax, Zaqatala, Xaçmaz, Oğuz və Qəbələ rayonlarını) əhatə edir. Layihənin əsas məqsədi fərqli texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə, istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün kiçik təsərrüfatlarda qabaqcıl kənd təsərrüfatı təcrübələrini tətbiq etmək imkanı yaratmaqdır”.