Son yeniləmə: 21 İyun 2022 17:02
Bayraqdar.info – Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə Türkiyədə nəşr olunan “Dinməyən acı: Xocalı” kitabı Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa təqdim olunub.
Bu barədə bayraqdar.info-ya DİDK-dən məlumat verilib.
Bildirilib ki, kitabı Türkiyə parlamentinin spikerinə müəllifi – AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtı təqdim edib və əsər barədə ətraflı məlumat verib: “Mustafa Şentop maraqlı mövzuya toxunduğu üçün müəllifə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.Qeyd edək ki,“Dinməyən acı: Xocalı” siyasi-tarixi, sənədli əsəri “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasına dəstək olaraq yazılıb. Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü ilə bağlı imzaladığı məlum Sərəncamın da yerləşdirildiyi kitab səkkiz fəsildən və 688 səhifədən ibarətdir”.
Məlumata görə, əsərin nəşri Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə Türkiyənin “BENGÜ” Yayın Evi tərəfindən təmin edilib: “Nəşrin rəhbəri Avrasiya Yazarlar Birliyinin sədri, yazıçı-publisist Yaqub Öməroğlu, Türkiyə türkcəsinə uyğunlaşdıran Mətin Yıldırımdır. Erməni təcavüzkarlığının tarixi, inkişaf istiqamətləri, ermənilərin qədim Azərbaycan torpaqlarına köçürülməsi, Ermənistan dövlətinin yaradılması məqsədilə həyata keçirilən qanunsuzluqlar, saxta “böyük Ermənistan” ideologiyasının ortaya çıxması, onun nəzəri əsasları, terrorizmin ermənilər üçün milli fəaliyyət istiqamətinə çevrilməsi barədə elmi araşdırmaların yer aldığı əsərdə Xocalı soyqırımının səbəb və məqsədlərinə aydınlıq gətirilib”.