Press "Enter" to skip to content

Dəvəquşu siyasəti və ya FETÖ görsənişləri

Bülent Arınc

Son yeniləmə: 21 İyun 2022 15:10

Yaxud Bülent Arınçın “FG” ağrısı

Bayraqdar.info – Yaxşı xatirimdədir ki, FETÖ-nün Türkiyədə 2016-cı il 15 temmuz (15 iyul) çevrilişinə cəhdindən bir neçə ay keçmişdi. Bu hadisələrdən sonra Azərbaycana səfir təyin edilən hörmətli Erkan Özoral səfirlikdə bir sıra aparıcı media qurumlarının təmsilçiləri ilə tanışlıq görüşü keçirirdi. Əslində cənab Özoral bizə yad birisi deyildi. Biz onunla bundan öncə Türkiyə səfirliyinin birinci katibi vəzifəsində çalışarkən tanış idik.

Həmin görüşdə 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən söz açan E.Özoral Azərbaycanın qardaş ölkənin yanında yer almasından məmnunluğunu ifadə etdi. Səfir həmçinin Türkiyədə FETÖ-yə qarşı mübarizənin qərarlılıqla davam edəcəyini dedi. Çıxışından sonra ona yaxınlaşıb bu sözü dedim: “Cənab səfir, mən Türkiyədə FETÖ-yə qarşı mübarizənin effekt verəcəyinə yalnız Bülent Arınç da layiq olduğu cəzanı alanda inanacağam”.

Düzdür, səfir bu fikrimə diplomatik cavab verməklə mövzunu ustalıqla dəyişdirdi. Amma mən fikrimdə qaldım və bu günə kimi də qalıram. Bu günlərdə B.Arınçın “stəkanda fırtına yaratmaq” cəhdi isə mənim qənaətimin heç də əsassız olmadığına işarə edir.

Bülənt Arınçın son hay-küylü çıxışına bir azdan qayıdacağam. Hələlik isə bir haşiyə çıxmaq istəyirəm.

Bülent Arıncla bağlı yaranan şübhə

Haşiyə 1: Yəqin ki, dəyərli oxucular arasında bəziləri mənim 2016-cı ildə cənab səfirə doğrudan da bu cür fikir bildirməyimə şübhə ilə yanaşa bilərlər. Yəni həqiqətən də həmin vaxt o fikri dilə gətirməyim bəziləri üçün təəccüblü görünə bilər. Hər halda səfirlikdə səfirə yaxınlaşıb həmin vaxt, necə deyərlər, qılıncının dalı da, qabağı da kəsən bir siyasətçi haqqında bu cür fikir bildirmək üçün gərək, bəzi dostların təbirincə desək, “ağıslız olmalısan”. Çünki yenə də bəzi dostlara xitabən deyirəm: “bu cür ağılsız fikir məni Türkiyəyə səfərlərdən, səfirlikdəki tədbirlərdən uzaq sala bilərdi”.

Məsələ burasındadır ki, əvvəla Türkiyə qüdrətli bir dövlət, onun təmsilçiləri də dəyərli insanlardır. Yəni onlar jurnalsitlərə hansısa fikirlərinə görə deyil, əməklərinə görə dəyər verirlər. Digər tərəfdən, mən Türkiyəni Azərbaycan qədər sevirəm. Özü də bu sevgi hansısa səfər, tədbir, alqış üçün deyil. Ürəkdən gələn sevgidir. Elə narahatlığım da ürəkdən gəldiyi üçün bunu çəkinmədən, hətta səfirlikdə belə, hətta səfirlə söhbət zamanı dilə gətirmişdim.

Atatürkün əmanəti Türkiyə Cümhuriyyəti

Narahatlıqdan söz düşmüşkən, mən burada dəyərli oxucuların diqqətinə ikinci bir məqamı da çatdırmaq istəyirəm.

Haşiyə 2: Hələ 15 temmuz xain çevriliş cəhdi olmamışdı. Amma Türkiyənin başının üzərini FETÖ adlı qara buludun aldığını hər kəs hiss edirdi, duyurdu. Məhz belə bir vaxtda həmin dövrdə qardaş Türkiyənin Azərbaycandakı səfiri olan İsmail Alper Coşkun media təmsilçilərindən bir qrupu ilə səfirlikdə iftar məclisində bir araya gəlmişdi. Bu həm də səlahiyyət müddəti tamamlanmaq üzrə olan səfirin media ilə vida görüşləri kimi də dəyərləndirilirdi. Səfirlik personalının da qatıldığı iftar məclisində cənab səfirlə üz-üzə masada oturmuşdum. Söhbət Türkiyədən, mövcud durumdan düşəndə anidən belə də dedim (Həmin görüşdə olan qələm dostlarım da bunu təsdiqləyə bilərlər – N.A.) “cənab səfir, sizin səlahiyyət müddətiniz başa çatır, bir müddət sonra gedəcəksiniz. Sizdən xahiş edirəm, Ankaradakılara deyin ki, Türkiyə Cümhuriyyətinin var olmasını istəyirlərsə Atatürkə sahib çıxsınlar”.

FETÖ-nün “Kozmik oda”ya açılan qapısı

Mənim bu qənaətə gəlməyim səbəbsiz deyil. Həmin günlər FÜTÖ var gücü ilə dövlətin bütün orqanlarında yerləşmişdi və Mustafa Kemal Atatürkün şah əsəri olan Türkiyə Cümhuriyyətini yox etmək üçün son hücuma hazırlaşırdı. Bundan öncə isə gerçək Atatürkçülər, milli dava adamları, dövlətinə və xalqına bağlı olan türk paşaları “Kozmik oda”dan başlayan bir komplo ilə “Ergenekon”, “Balyoz” kimi qurama əməliyyatlarla dəmir barmaqlıqlar arxasına salınmışdı.

Elə mənim Bülent Arınça qarşı “sonsuz məhəbbətim” də məhz “Kozmik oda” əməliyyatlarından, daha doğrusu, ssenari müəllifi FETÖ olan bu şouda ona ayrılan rolu necə məharətlə oynamasından sonra “baş qaldırmışdı”.

Kimsəyə sirr deyil ki, FETÖ-nün dəyərli türk paşalarını qaralama və zindana atma əməliyyatlarının başlanğıcı olan “Kozmik oda” əməliyyatının başlanması ssenarisində baş rolun ifası B.Arınça həvalə olunmuşdu. Və o, bu rolu “layiqincə” oynayaraq, qara missiyasını heç bir yanlışlığa yol vermədən (əlbəttə ki, FETÖ prizmasından baxanda – N.A.) tam şəkildə yerinə yetirdi.

Dəyərli Devlet Bahçelinin hələ 2019-cu ildə B.Arınça xitabən dediyi “hər kəs günü, saatı gəldiyi zaman “Kozmik oda”ya FETÖ-nü soxan kimdir” deyə sual edər” sözlər unudulmayıb.

Hesab edirik ki, bu sualın cavabı da aydındır. Bir sözlə, B.Arınçın sonralar bununla bağlı açıqlama verərək günahı öz üzərindən atmağa çalışmasına baxmayaraq “Kozmik oda” əməliyyatı onun siyasi vicdanına düşmüş silinməz qara ləkədir.

Bülent Arınça “FG”li Qafqaz Universiteti xatırlatması

Amma anlaşılan odur ki, hazırda B.Arınça narahatlıq verən, onu ağrıdan tamam başqa bir məsələdir. Bir neçə gün öncə Türk Demokrasi Vakfının növbəti ildönümündəki çıxışındakı bəzi sətir başlıqları bu qoca siyasətçinin canının niyə ağrıdığına işıq salır.

Məsələn, B.Arınç iddia edir ki, guya Türkiyədə avtomobilinin seriya nömrəsində təsadüfən “FG” olanlara “sən bu avtomobilin nömrəsini dəyiş, sonra başına çox işlər gələ bilər” deyə eyham edirlər. Bu məqamda hər kəsə gün kimi aydındır ki, B.Arınçın bu iddiasının qram qədər də əsası yoxdur. Və qoca siyasətçi bu cür cılız fikirlərlə sadəcə özünü yenidən siyasi gündəmin mərkəzinə dartmaq istəyir.

Amma məsələnin təsadüf hissəsi ilə bağlı B.Arınçın diqqətinə bir şeyi çatdırmağı özümüzə borc bilirik. İllər öncə FETÖ-çülərin Azərbaycandakı Qafqaz Universitetinin binasının məhz FG formasında tikildiyi deyilirdi. Yəni anlaşılan odur ki, nə Türkiyədə, nə də qardaş ölkədən kənarda “FG”lər heç də təsadüfən zühur etmir.

Elə B.Arınçın qardaş Türkiyədəki “bayram deyil, seyran deyil, eniştəm məni niyə öpdü” el misalını xatırladan qəfil hay-küyü də təsadüf deyil. Anlaşılan, qoca siyasətçidə “FG” sevgisindən doğan bir “FG” ağrısı baş qaldırıb. Hər halda, onun AK Parti daxılində bir qiyama çağırış yüklü fikirləri məhz indi dilə gətirməsi sıradan bir məsələ deyil. Görünür Türkiyə siyasətində, daha doğrusu, müxalifət düşərgəsində yeni bir dizayn işlərinə baş vuran bəlli xarici güclər və ittifaqlar tamaşanın növbəti pərdəsində B.Arınç üçün də rol hazırlayıblar. İlk baxışdan yanaşanda bu rol AK Parti daxilində super qəhrəman kimi nəzərə çarpa bilər. Amma ilkin görünüş insanları yanıltmasın deyə məsələyə başqa rakursdan yanaşmaq vacibdir. Məhz həmin rakursdan baxanda aydın görünür ki, əslində meydana atılan super qəhrəman deyil, evi içəridən dağıtmaq istəyən birisidir.

“Altılı masa”ya uzanan yol

Onun bundan sonra gedəcəyi yerin yol xəritəsi də məhz yuxarıda bəhs edilən toplantıdakı çıxış zamanı cızıldı. Çox güman ki, xarici ssenaraistlər yaxın gələcəkdə B.Arınça da müxalifətin “Altılı masa”sının əsas hissəsində olmasa da ehtiyat hissəsində bir masa ayıracaqlar.

Əslində, hadisələrin bu axarla inkişafı bizim ötən ay yazdığımız “Milli Şura”ya bənzəyən “Millet İttifakı” adlı köşə yazısındakı ehtimalların doğrulduğuna işarə edir.

“Milli Şura”ya bənzəyən “Millet İttifakı”

Necə ki, Azəraycanda bir zamanlar hakimiyyətdə olanda müxalifəti söyən, yol verdiyi nöqsana görə vəzifədən uzaqlaşdırıldıqdan sonra isə “Milli Şura”da peyda olan sabiq məmurlar vardı, indi də Türkiyədə hansısa səhvlərinə görə hakim komandadan uzaqlaşdırılan, yaxud da uzaqlaşdırılacağı gözlənilən məmurlar dərhal “altılı masa”ya tərəf boylanırlar.

Lakin türk ictimai fikri kifayət qədər ayıq-sayıqdır və belə oyunlara heç zaman aldanmır. Elə B.Arınçın o hay-küylü çıxışına verilən reaksiyalar da bunu bir daha təsdiqləyir.

Və sonda: B.Arınç o səs-küylü çıxışında partiyadaşlarına xitabən bir ifadə də işlədir. Deyir ki, “kral çılpaqdır” deməyin vaxtıdır. Bununla da o, etirazının rəngini bəlli edir. Yəni anlaşılır ki, “altılı masa”dakılar, həmçinin o masanı xaricdən idarə edənlər kimi onun da hədəfi Recep Tayyip Erdoğandır. O Erdoğan ki, Türkiyənin və türk dünyasının maraqları uğrunda çalışır. O Erdoğan ki, xarici imperialistlərə boyun əymir. Amma bütün bunlar xaricdə də, daxildə də birilərini qane etmir və onlar bunu açıq kontekstdə bəyan edirlər.

Görünən odur ki, bu, B.Arınçı da qane etmir. Amma o, bunu birbaşa demir, bir növ sağ əllə sol qulağı qaşıyır. Çeşidli bəhanələr gətirir. Lakin bu bəhanələr faydasızdr. Həm də bu bəhanələr dəvəquşu siyasətini xatırladır. O deyirlər e, dəvəquşu başını kola soxur, elə bilir onu heç kim görmür…

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.