Son yeniləmə: 21 İyun 2022 11:51
Bayraqdar.info – Bakı şəhəri ümumi təhsil müəssisələri şagirdlərinin Lənkəran, Masallı, Lerik və Astara rayonlarında yerləşən aqroturizm məntəqələrinə ekskursiyası təşkil edilib.
Bu barədə bayraqdar.info-ya iyunun 21-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AqroViziya” layihəsi çərçivəsində reallaşdırılan ekskursiyanın əsas məqsədi məktəbliləri sitrus bağları, balıqçılıq, bağçılıq, bostançılıq və fermer təsərrüfatları ilə yaxından tanış etmək, onlarda kənd təsərrüfatının müxtəlif sahələrinə maraq yaratmaqdan ibarətdir: “Lənkəran rayonunun İstisu qəsəbəsi ərazisində yerləşən “Citrus Valley” aqrar ekoturizm məntəqəsində sitrus meyvələrinin yetişdirildiyi əraziləri əyanı olaraq müşahidə edən şagirdlərə bağdakı ağaclar, onların xüsusiyyətləri, sitrus meyvələrinin faydaları, kənd təsərrüfatının bu sahəsinin incəlikləri barədə geniş məlumat verilib”.
Daha sonra şagirdlər layihənin iştirakçısı, Masallının Boradigah qəsəbəsindən olan misgər Taleh Ağayevin əl işləri ilə tanış olublar: “Ekskursiya zamanı məktəblilər arasında maraqlı oyunlar keçirilib, şən və əyləncəli proqram təşkil edilib”.