Son yeniləmə: 22 İyun 2022 14:05
Asiya İnkişaf Bankı ilə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
Bayraqdar.info – Azərbaycanda əmək bazarı, məşğulluq və sosial müdafiə sahəsində islahatlar aparılır. Aktiv məşğulluq proqramları əhəmiyyətli dərəcədə genişləndirilib.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev iyunun 21-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyəti ilə görüşdə deyib.
Nazirlikdən bayraqdar.info-ya verilən məılumata görə, A.Əliyev son 4 ildə əmək müqavilələrinin sayının 30 faiz, əmək haqqı fondunun 2,2 dəfə artdığını, məşğulluq orqanları vasitəsilə 340 min nəfərin işlə təmin edildiyini bildirib: “49 min ailə üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfat və müəssisələrin yaradıldığını deyib. Həmin dövrdə 4 milyon nəfəri əhatə edən 3 islahat paketinin həyata keçirildiyini, bu paketlər üçün illik əlavə 6 milyard manat ayrıldığını, sosial ödənişlərdəki ciddi artımları qeyd edib”.
Məlumata əsasən nazir müavini işsiz və işaxtaran şəxslərin peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili, eləcə də peşə reabilitasiyası işlərinin gücləndirilməsi, peşə təhsili mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb: “Əmək və məşğulluq sahəsində rəqəmsal xidmətlərin geniş tətbiqi, “Əmək və Məşğulluq” altsistemi barədə məlumat verib. A.Əliyev sosial təminat sisteminin təkmilləşdirilməsi, pensiya, sosial yardım sahəsində aparılan islahatlarda AİB-lə əməkdaşlıq təcrübəsinin əhəmiyyətini vurğulayıb”.
AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin sosial bölmə müdiri Rie Hiraoka Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan ardıcıl islahatlar prosesində əməkdaşlığın davam etdirilməsinin önəmini qeyd edib.
Görüşdə əmək və sosial müdafiə, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi sahəsində Nazirliklə AİB-in gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.