Bayraqdar.info – İyunun 21-dən başlayaraq Çinin uyğurlara zorla istehsal etdirdiyi məhsulların ABŞ-a girişi yasaqlanır. Bununla bağlı ABŞ Dövlət katibi Entoni Blinken açıqlama yayıb.
Xəbər bayraqdar.info-ya iyunun 21-də ABŞ Dövlət Departamentindən daxil olub.
Xəbərdə deyilir ki, bu gündən başlayaraq ABŞ Gömrük və Sərhəd Qoruma xidməti “Uyğur məcburi əməkdən qorunma” qanununa uyğun olaraq Sintzyan (Doğu Türkistan – BM) bölgəsində uyğurların məcburi əməyi sayəsində istehsal edilmiş məhsulların ölkəyə girişini yasaqlayır.
Prezident Cozef Bayden qanunu 2021-ci il dekabrın 23-də imzalayıb. Daha sonra qanun ABŞ Konqresində hər iki partiya tərəfindən dəstəklənib. Bununla da ABŞ-ın Doğu Türkistan da daxil olmaqla dünyanın hər tərəfində məcburi əməyə qarşı mübarizəsi əlavə güc qazanıb.
Açıqlamada o da bildirilir ki, Dövlət Departamenti istənilən yerdə məcburi əməyə qarşı mübarizə istiqamətində Konqres və tərəfdaşları ilə işləməyə davam edəcək.
“Məcburi əmək və başqa insan haqları pozuntularına qarşı Çin də daxil olmaqla dünyanın hər yerində mübarizə aparmaq C.Bayden və Administrasiyasının vəzifə borcudur”, – deyə açıqlamada bildirilir.