Press "Enter" to skip to content

Türkiyəli qonaqlar QHT Agentliyində olub

Görüş zamanı

Son yeniləmə: 17 İyun 2022 15:09

Bayraqdar.info – Bakıda keçirilən “Anadoludan Qarabağa” Türkiyə-Azərbaycan Media Forumunun iştirakçıları Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində (QHT) olublar.

Bu barədə bayraqdar.info-ya iyunun 17-də Agentlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə giriş nitqi ilə çıxış edən qurumun icraçı direktoru Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib: “A.Əliyeva qeyd edib ki, bu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluq və qardaşlığı bütün istiqamətlərdəki əməkdaşlıqda özünü göstərir. Uğurlu əməkdaşlığa imza atan Azərbaycan və Türkiyənin mətbuat sahəsində də birgə fəaliyyəti önəmli rol oynayır. İki qardaş ölkənin öndə gələn media qurumları arasında əlaqələrin inkişafı ölkələrimizdə baş verən proseslərə daha operativ reaksiya vermək, cəmiyyətimizi dolğun məlumatlandırmaq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən beynəlxalq və ikitərəfli münasibətlərdə medianın rolu olduqca vacibdir, çünki media ictimai rəyə birbaşa təsir edən, onu formalaşdıran və istiqamətləndirən rola sahibdir”.

Daha sonra Anadolu nəşriyyat dərnəyi sədri, nümayəndə heyətinin rəhbəri Sinan Burhan səmimi qəbula görə Agentliyə təşəkkür edib və bildirib ki, bütün sahələrdə olduğu kimi media sahəsində də birgə uğurlara imza atılacaq: “Çünki Türkiyə və Azərbaycan əlaqələrinin dünyada analoqu olmayan müttəfiqlik səviyyəsinə yüksəlməsi tarixi təməllərə söykənir. Hər iki ölkənin media nümunəsinin vacibliyini vurğulayan S.Burhan bundan sonra da bu əlaqələrin genişlənəcəyini bildirib”.

Çıxış edən “Yeni Çağ” Media Qrupunun sədri Aqil Ələsgər Forumun iştirakçılarının səmimi qəbulu üçün Agentliyə təşəkkürünü bildirib. O, Forumun əhəmiyyəti haqqında danışıb.

Çıxışlardan sonra görüş qarşılıqlı müzakirələrlə davam edib.

Görüşün yekunu olaraq hər iki tərəf xatirə hədiyyələrini təqdim edib.

Mission News Theme by Compete Themes.