Press "Enter" to skip to content

Qarabağ Zəfərində Azərbaycan və Türkiyə mediasının rolundan bəhs edilib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Forumda çıxış edərkən

Son yeniləmə: 17 İyun 2022 18:07

Bakıda “Anadoludan Qarabağa: Türkiyə-Azərbaycan Media Forumu” keçirilib

Bayraqdar.info – İyunun 17-də Bakıda “Anadoludan Qarabağa: Türkiyə-Azərbaycan Media Forumu” keçirilib. Forumda giriş nitqi ilə çıxış edən “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər tədbirin önəminə diqqət çəkib. Qeyd edilib ki, tədbir Türkiyə Cümhurbaşqanlığı İletişim Başkanlığının, həmçinin qardaş ölkənin Mədəniyyət Nazirliyinin dəstəyi, Anadolu Yayımçılar Dərnəyi (AYD), “Yeni Çağ” Media Qrupunun və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə baş tutur.

Daha sonra AYD sədri Sinan Burhan, ATEV sədri Tənzilə Rütsəmxanlı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli çıxış ediblər. Çıxışlarda tədbirin əhəmiyyətinə toxunulub. Həmçinin qeyd edilib ki, dezinformasiya və məlumat çirkliliyi ilə daha səmərəli mübarizə aparmaq üçün bu cür layihələr yalnız media sahəsində deyil, akademik çevrələrdə də reallaşdırılmalıdır.

Rəsmi çıxışlardan sonra Forum öz işini panel iclasları ilə davam etdirib.

“Qarabağ Zəfərində Azərbaycan-Türkiyə mediasının rolu” başlıqlı panelə “Ülke TV”nin rəhbəri Hasan Öztürk moderatorluq edib.

Bu paneldə millət vəkili Sabir Rüstəmxanlı, Türkiyənin “Takvim” qəzetinin Ankara nümayəndəsi Ekrem Kızıltaş, “CNN Türk” spikeri Güngör Yavuzaslan, “Haber 7″nin rəhbəri Osman Ateşli, “Real” Televiziyasının rəhbəri Mir Şahin Ağayev çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra həqiqətlərin dünyaya çatdırılmasında iki qardaş ölkə mediasının gördüyü işlərdən bəhs edilib.

“Türk dünyası media əməkdaşlığı axtarışları” başlıqlı ikinci panel isə Türkiyənin tanınmış jurnalisti Emin Pazarcının moderatorluğu ilə keçirilib.

İkinci paneldə “Türkiyə” qəzeti yazarı Rahim Er, “Kon TV”nin rəhbəri Yaşar Toy, “İpekyolu” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Seyfullah Türksoy, “Aydınlık” qəzetinin əməkdaşı Gaffar Yakınca və Mətbuat Şurasının sədri Əflatun Amaşov mövzu ətrafında çıxış ediblər. Çıxışlarda türk dövlətləri arasında media sahəsindəki əməkdaşlığın mövcud durumu və perspektivlərindən bəhs edilib.

Onu da qeyd edək ki, Forum çərçivəsində “Şuşa ili”nə dəstək məqsədilə iyunun 18-də Şuşaya səfər təşkil ediləcək. Səfər zamanı jurnalistlər Qarabağda aparılan quruculuq işlərilə tanış olacaq, onlara erməni vandalizmini yerindəcə görmə imkanı tanınacaqdır.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.