Press "Enter" to skip to content

Nazir Beyləqanda baxış keçirib

Anar Kərimov Beyləqan rayonunda tarixi abidəyə və bir sıra mədəniyyət müəssisələrinə baş çəkib

Son yeniləmə: 17 İyun 2022 10:23

Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimov Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşların qəbulunu keçirib.

Bu barədə bayraqdar.info-ya iyunun 17-də Nazirlikdən məlumat verilib.

Bildirilib ki, qəbuldan sonra A.Kərimov Beyləqan rayonunda tarixi abidəyə və bir sıra mədəniyyət müəssisələrinə baş çəkib: “Nazir Beyləqan şəhidlərinin uyuduğu məzarlığı ziyarət edib, 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman oğulların xatirəsinə ehtiramını bildirib. Sonra həmin ərazidəki yerli əhəmiyyətli tarixi abidə – Cərcis peyğəmbər ziyarətgahına (XVI əsr) baş çəkib. Abidənin tarixi və memarlığı barədə nazirə məlumat verilib”.

A.Kərimov Beyləqan şəhər Niyazi adına Uşaq musiqi məktəbində Mədəniyyət Nazirliyinin vəsaiti hesabına aparılan əsaslı təmir işləri ilə tanış olub: “Nazir işlərin vaxtında, keyfiyyətlə həyata keçirilməsi barədə müvafiq tapşırıq və tövsiyələrini verib. Bildirilib ki, musiqi məktəbi 1968-ci ildə fəaliyyətə başlayıb. 1984-cü ildən fəaliyyətini öz binasında davam etdirən məktəbdə tar, kamança, qarmon, nağara, fortepiano və xanəndəlik sinifləri fəaliyyət göstərir, 282 şagirdin təhsil aldığı məktəbdə 67 müəllim çalışır”.

Mədəniyyət naziri 2019-cu ildə əsaslı şəkildə yenidən qurulan Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinə də baxış keçirib: “Bildirilib ki, 1981-ci ildə yaradılan muzeydə 6139 eksponat mühafizə edilir. Həm ölkəmizin, həm də Beyləqanın tarixini əks etdirən eksponatların toplandığı muzeydə ekspozisiya zalı, iki xidməti otaq, bir fond otağı, konfrans zalı, dəyirmi masa zalı və bir texniki otaq mövcuddur”.

Vurğulanıb ki, səfər çərçivəsində Anar Kərimov əsası 1946-cı ildə qoyulan və 400 min nüsxəyə yaxın kitab fondu olan Beyləqan rayon Mərkəzi Kitabxanasına, 1939-cu ildə Beyləqan şəhərində əvvəlcə klub kimi yaradılan və 2015-ci ildən mədəniyyət mərkəzi olaraq fəaliyyətini davam etdirən Beyləqan rayon Mədəniyyət Mərkəzinə də baxış keçirib, müəssisələrin fəaliyyəti barədə məlumat alıb: “Beyləqanda mədəniyyət müəssisələri ilə tanışlıqdan sonra nazir Anar Kərimov rayon mədəniyyət mərkəzində “Aran qala” xalq çalğı alətləri ansamblı, Kürdəmir, Beyləqan və Füzuli rayon uşaq musiqi və incəsənət məktəbləri xor kollektivlərinin ifasında konsert proqramını izləyib”.

Mission News Theme by Compete Themes.