Son yeniləmə: 17 İyun 2022 08:41
Bayraqdar.info – İyunun 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov IX Qlobal Bakı Forumunda iştirakı çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus ilə görüşüb.
Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, tərəflər, ÜST və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini yüksək qiymətləndiriblər: “Nazir Ceyhun Bayramov ölkəmizin ÜST ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib. Bu günədək ÜST-nin ölkəmizdə həyata keçirdiyi layihələrin, habelə Azərbaycanın pandemiya ilə mübarizədə irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vurğulanıb”.
Məlumata əsasən Baş direktor Tedros Qebreyesus Azərbaycanın COVID-19 ilə mübarizədə çoxsaylı ölkələrə göstərdiyi yardımı və qlobal sağlamlığa verdiyi töhfəni minnətdarlıqla qeyd edib: “Nazir Ceyhun Bayramov qarşı tərəfə münaqişədən sonrakı mərhələdə bölgədə aparılan quruculuq işləri və keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz geri dönüşünü təmin etmək üçün atılan addımlar barədə məlumat verib. ÜST-nin rəhbəri Azərbaycana müvafiq dəstəyi göstərməyə hazır olduğunu bildirib”.
Görüşdə, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb.