Bayraqdar.info – Xəbər verdiyimiz kimi, iyunun 16-da IX Qlobal Bakı Forumu öz işinə başlayıb və Prezident İlham Əliyev burada açılış çıxışı edib.
Prezidentin Mətbuat xidmətinin verdiyi məlumata görə, İ.Əliyev bundan sonra gün ərzində bir sıra görüşlər keçirib.
Verilən məlumatda deyilir ki, Azərbaycan Prezidenti Gürcüstanlı həmkarı xanım Salome Zurabişvili ilə görüşüb.
“Söhbət zamanı regional əməkdaşlıq və ikitərəfli gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıldı. Həmçinin nəqliyyat, enerji məsələlərinə toxunuldu, tranzit sahəsində yeni imkanların yaradıldığı qeyd edildi”, – deyə xəbərdə bildirilir.
Bundan sonra İ.Əliyev Albaniya Prezidenti İlir Meta ilə görüşüb. Bu görüşdə də iki ölkə arasındakı münasibətlər, Azərbaycan qazının Avropaya daşınması, işğaldan azad edilmiş torpaqlardakı quruculuq işləri haqqında fikirlər səsləndirilib.
Prezidentin daha bir görüşü Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Şefik Caferoviç ilə olub. İkitərəfli münasibətlər, işbirliyi məsələləri istiqamətində fikir mübadiləsi aparılıb.
Növbəti görüş qardaş Türkiyənin keçmiş Baş naziri Binali Yıldırımla olub. Burada da iki ölkə arasında inkişaf edən münasibətlərdən söz açılıb. Görüşün sonunda qonaq İ.Əliyevə Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad etmiş Ali Baş Komandan kimi Sultan Mehmet Fatihin qılıncının eynisini hədiyyə edib.
Gün ərzində Prezident həmçinin Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusu da qəbul edib. Qonaq Azərbaycanın COVID-19-la bağlı gördüyü işlər, eyni zamanda müxtəlif istiqamətlərdə iş birliyi haqqında təqdirlərini dilə gətirib.