Press "Enter" to skip to content

Müəllimim öldü, eşidirsinizmi, Müəllimim…

Səməndər Müəllim

Son yeniləmə: 17 İyun 2022 08:02

Bayraqdar.info – Sosial media həm də bəd xəbərləri ən operativ çatdıran vasitəyə çevrilib. Ona görə də buraya qorxa-qorxa baxıram bəzən.

İyunun 16-da da elə oldu. Baxdım, gördüm, boğazım qurudu, kövrəldim, nəfəsim tutuldu…

Hazırda Moldovada yaşayan dostlardan biri – Ağası Hun dəyərli elm adamı, ictimai xadim, tanınmış media təmsilçisi Qafar Çaxmaqlıya qardaşı Səməndərin vəfatıyla bağlı başsağlığı yazmışdı…

Bəlli oldu ki, Qafar müəllimin əziz qardaşı Səməndər müəllim dünyasını dəyişib…

…Təxminən 20 il öncənin söhbətidir. Onda biz Azərbaycan Jurnalistlər Konfederasiyasını qurmuşduq. Sonrakı mərhələdə quruma 17 ayrı təşkilat qoşulmuşdu. Mən də baş katib seçilmişdim…

Bir dəfə Azərbaycan Jurnalistlər Birliyinin baş katibi, dəyərli elm adamı və tanınmış jurnalist Ramiz Əskər Qafar Çaxmaqlı ilə birlikdə Konfederasiyanın toplantısına gəlirmişlər. Yolda söhbət məndən düşüb. Bəlli olub ki, Azər Həsrət Xaçmazın Dədəli kəndindəndir. Bunu deyəndə Qafar Çaxmaqlı qayıdıb ki, mənim qardaşım o kənddə dərs deyib. Səməndər müəllim. Beləcə bir-birimizdən xəbərsiz həm Ramiz Əskər, həm də Qafar Çaxmaqlı ilə daha bir körpümüz aşkar edilib.

Həm də daha qədim körpü…

Səməndər müəllim mənə Dədəli kənd orta məktəbində dərs demişdi. Hardasa 5-ci sinifdə. Uzun müddətli deyildi. Qısa müddət dərs demişdi, amma bir ömür boyu unutmayacağım bir müəllimim idi…

…Yadımdadır, Səməndər müəllim bir dəfə kənddə deyibmiş ki, məndən hər uşaq beş ala bilməz. Mən də onda əla oxuyurdum. İddialı idim. Nə qədər də olmasa 1-ci sinfə gedəndə yazmağı və oxumağı bacaran bir uşaq idim. 5-ci sinfə də əlaçı olaraq gəlmişdim. Səməndər müəllimin bu söhbətini eşidib “mən səndən 5 alaram” deyə qarşıma məqsəd qoymuşdum.

…Günün birində Səməndər müəllim həmişəki kimi dərsə başladı. Verilən tapşırıqları yoxladı, uşaqları lövhə önünə çağırıb danışdırdı, qiymətləndirdi. Məndənsə dərs soruşmadı. Halbuki həmişəki kimi hazır gəlmişdim. Amma nə olursa olsun, qiymətimi almalıydım.

…Dərsin ikinci yarısında Səməndər müəllim yeni dərsi danışdı. Zatən Azərbaycan dili dərsində qısa bir mətn olurdu. Müəllim onu izah edirdi, evə tapşırıqlar verirdi. Nə isə, bu dəfə də elə oldu.

Səməndər müəllim yeni dərsi danışdı. Danışıb bitirincə əlimi qaldırdım.

“Buyur” dedi.

“Dərsi danışmaq istəyirəm” dedim.

Qayıtdı ki, “axı dərs danışmaq arxada qaldı, yeni dərs keçirik”.

Cavab verdim ki, “elə yeni dərsi danışmaq istəyirəm”.

Üzümə baxdı, həmişəki təmkinlə, “hə, çıx lövhəyə, danış” dedi.

Çıxdım və onun ağzından çıxanları az qala cümləbəcümlə özünə qaytardım.

Bir anlıq duruxdu, üzümə baxdı, “keç otur” dedi.

Sonra da əlavə etdi: “5 alırsan”…

Mənim müəllimim bizi belə motivə edirdi. Ona görə də oxumağa həvəs göstərirdik. Hətta oxumamaqdan utanırdıq ki, müəllimdən ayıb olar…

…Səməndər müəllim Qərbi Azərbaycandan idi. Bizim Dədəliyə təyinatla gəlmişdi. Amma çox qısa bir müddət içində camaatla o qədər qaynayıb-qarışmışdı ki, onun kənardan gəldiyini belə unutmuşduq…

Sonrakı illərdə də elə oldu. Səməndər müəllim Bakıya köçdü. Amma Dədəli ilə əlaqəsini heç vaxt – ölümünə qədər kəsmədi. Acımıza ortaq oldu, sevincimizi paylaşdı. Xeyirdə, şərdə həmişə yanımızda gördük onu. Bakının harasında Dədəlidən birisi varsa axtarıb tapar, əlaqə qurar, daim maraqlanardı…

Məni də özü axtarardı həmişə. Baxmayaraq ki, onun kiçiyiyəm, zəng edərdi, halımı soruşardı, bir dərdimin olub-olmamasını öyrənərdi. Həmişə də sözü bu olardı ki, “Azər, birdən nəyəsə ehtiyacın olar, xəbərim olsun”…

Belə bir İnsan idi mənim müəllimim. Və o, öldü… Xəstələndi, xəbərimiz olmadı. Bacardıqca dözdü, dayandı və 70 yaşın astanasında bizi və bu fani dünyanı əbədi tərk etdi…

Müəllim idi Səməndər Mehdiyev. Qərbi Azərbaycandan təyinatla Dədəliyə gələn, özünü hər kəsə sevdirən, doğmalaşdıran dəyərli bir şəxsiyyət, pedaqoq idi O.

Müəllim örnəyi idi həm də. Dərsini oxutmasını bacarırdı. Oxutduğu zaman da kimsədən nəsə ummaz, nəsə gözləməzdi. Millətin övladlarına öz övladı kimi yanaşırdı mənim müəllimim. Ona görə də bu yaşımızda belə bizi – keçmiş şagirdlərini arayıb-axtarır, edə biləcəyi bir şey varsa, artığını belə etməyə çalışırdı.

İtirdik onu…

…Mən də itirdim.

Müəllimim öldü, eşidirsinizmi, Müəllimim…

Mission News Theme by Compete Themes.