Press "Enter" to skip to content

“Kənddən şəhərə” yenidən bu tarixlərdə

Son yeniləmə: 16 İyun 2022 20:27

Bayraqdar.info – Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 18-19 iyun tarixlərində “Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.

Yarmarkalar Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda fəaliyyət göstərəcək.

Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bayraqdar.info-ya bildirilib ki, budəfəki yarmarkalarda ümumilikdə 45 regiondan 100-ə yaxın fermer iştirak edəcək: “Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər”.

Qeyd edilib ki, “Kənddən şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini yerli, mövsümi və təbii kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir: “Yarmarkalarda satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunacaq. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan məhsulların keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər”.

O da bildirilib ki, “Kənddən şəhərə” həftəsonu yarmarkalarında fermerlər tamamilə ödənişsiz şəkildə iştirak edirlər: “Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilir. Onların məhsulları birbaşa təsərrüfatlarından yarmarka keçirilən ünvanlara qədər daşınır. “Kənddən şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

-Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

-Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

-Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A”.

Mission News Theme by Compete Themes.