Son yeniləmə: 16 İyun 2022 12:30
Bayraqdar.info – “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi başa çatıb. Müsabiqənin ilk mərhələsində 3 mindən çox şagird məktəb kitabxanalarından istifadə etməklə Azərbaycan və dünya ədəbiyyatı nümunələrini oxuyaraq gündəlik hazırlayıb.
Bu barədə bayraqdar.info-ya iyunun 16-da Bakı Şəhəri üzrə Təhsil İdarəsini (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.
Bildirilib ki, ikinci mərhələdə isə şagirdlərin təqdim etdiyi gündəliklərə Münsiflər heyəti tərəfindən baxış keçiriləcək: “Qiymətləndirmə meyarlarına uyğun olaraq ən yaxşı işlər seçiləcək. “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin Bakı şəhər mərhələsinin nəticələrinə əsasən, 5 nəfər I, 5 nəfər II, 5 nəfər III yer olmaqla, ümumilikdə,15 şagird qalib adını qazanacaq. Xüsusi fəallığı ilə fərqlənən 10 şagirdə Tərifnamə, fəal iştiraka görə 25 şagirdə isə Təşəkkürnamə təqdim olunacaq. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq”.
Qeyd edilib ki, iki mərhələdən ibarət müsabiqədə Bakı şəhəri ümumi təhsil müəssisələrinin şagirdləri iştirak edirlər: “Müsabiqənin keçirilməsinin əsas məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsindən ibarətdir”.