Press "Enter" to skip to content

Deputatdan dəyərləndirmə: Mühüm tarixi gün

Vüqar İskəndərov

Son yeniləmə: 15 İyun 2022 10:57

Vüqar İskəndərov: Azərbaycanı tarixi Zəfərə aparan yolun əsası 1993-cü ilin 15 iyununda qoyulub

Bayraqdar.info – “2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycanın şanlı qələbəsi ilə tarixə düşdü. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bununla da son iki yüz ilin ən şanlı Zəfər dastanı yazıldı. Heç şübhəsiz ölkəmizin bu uğurunun, bu Zəfərinin arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu, düşünülmüş, bütün sahələrin inkişafını hədəfləyən siyasət dayanır”.

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Azərbaycan öz müstəqilliyini yenidən itirmək təhlükəsi ilə üzləşmişdi

Onun sözlərinə görə Azərbaycan dövlətini və xalqını tarixi Zəfərə aparan yolun əsası 1993-cü ilin 15 iyununda qoyulub: “Bəlli olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanda acınacaqlı vəziyyət hökm sürürdü. Ölkə sərhədlərində müharibə gedir, torpaqlar mənfur düşmən tərəfindən işğal edilirdi. Bunun qarşısının alınması əvəzinə daxildəki qüvvələr arasında, belə demək mümkündürsə, nüfuz savaşı, çəkişmə və hesablaşmalar gedirdi. Bütün bu sadalananlar fonunda 1993-cü ilin iyununda vəziyyət daha da gərginləşmişdi. Bu cür vəziyyət, xaos və anarxiya Azərbaycanı öz müstəqilliyini yenidən itirmək təhlükəsi ilə baş-başa qoymuşdu. Azərbaycanı düçar olduğu bu bəlalardan isə həmin vaxt Naxçıvanda olan Ulu öndər Heydər Əliyev qurtara bilərdi. Məhz buna görə də Azərbaycan xalqının təkidli tələbi ilə Ulu öndər Naxçıvandan Bakıya dəvət edildi”.

Bu, sıradan bir qayıdış deyildi

Deputat bildiirb ki, 1993-cü il iyunun 9-da Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı: “Bu, sıradan bir qayıdış deyildi. Bu qayıdış ölkəni bəlalardan, müsibətlərdən xilas etdi. Azərbaycan növbəti dəfə öz müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. Azərbaycan xalqını və dövlətini nicata aparan yolun əsası həmin gün qoyuldu”.

V.İskəndərov bildirib ki, Bakıya gələndən dərhal sonra Gəncəyə yola düşən Ulu öndər hadisələri yerində incələdi: “İyunun 15-də isə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir”.

Deputatın sözlərinə görə, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ciddi nəticələr verdi: “Tezliklə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə mühüm addımlar atıldı. Milli birlik və həmrəyliyə nail olundu. Həyata keçirilən siyasət nəticəsində Azərbaycanda sabitlik yarandı. Eyni zamanda 2020-ci ilin Vətən müharibəsindəki tarixi qələbədə öz sözünü deyən ordu quruculuğuna başlanıldı”.

Qarşıya qoyulan ən vacib və təxirəsalınmaz vəzifələrdən biri

V.İskəndərov deyib ki, Ümummilli lider Heydər Əliyevin qarşıya qoyduğu ən vacib və təxirəsalınmaz vəzifələrdən biri vahid komandanlığa əsaslanan ordunun yaradılması idi: “Beləliklə, qısa zaman ərzində Müdafiə Nazirliyinin tabeliyində və dövlətin nəzarətində olan ordu birləşmələri yaradıldı, düşmənin hücumlarının qarşısı alındı. Ulu öndər tərəfindən əsası qoyulan ordu quruculuğu siyasətinin Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə öz müsbət nəticəsini Vətən müharibəsində verdi”.

Azərbaycan tarixində 15 iyunun xüsusi yeri var

Vurğulanıb ki, Vətən müharibəsi eyni zamanda Ulu öndərin “bir millət – iki dövlət” kimi tarixi dəyər verdiyi Türkiyə-Azərbaycan qardaşlığının bir daha sınaqdan üzüağ çıxması ilə də tarixə düşdü: “Müharibənin ilk saatlarından son dəqiqəsinə qədər Cümhurbaşqanı Recep Tayyip Erdoğan başda olmaqla Türkiyə dövləti və xalqı yanımızda oldu. Biz həmin 44 gündə Türkiyənin mənəvi və siyasi dəstəyini gördük. Eyni zamanda müharibədən sonra, 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtında iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi imzalandı. Qeyd edim ki, Kars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyət kəsb edir. Yəni Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət – iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyev və Cümhurbaşqanı Recep Tayyip Erdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu. Hesab edirəm ki, Şuşa Bəyannaməsinin 15 iyun tarixində imzalanmasında da bir hikmət var. Yəni bununla 15 iyun növbəti dəfə müasir Azərbaycan tarixinə xüsusi olaraq düşdü”.

Mission News Theme by Compete Themes.