Press "Enter" to skip to content

Mövcud əlaqələr məmnunluq doğurur

Ceyhun Bayramov Paraqvaydan olan qonaqları qəbul edərkən

Son yeniləmə: 14 İyun 2022 09:55

Bayraqdar.info – Azərbaycan Paraqvayla əlaqələrin inkişafına önəm verir. İki ölkə arasında mövcud olan əlaqələr məmnunluq doğurur.

Bunu xarici işlər naziri Ceyhun Bayramov iyunun 13-də Paraqvay Parlamentinin nümayəndə heyəti – Deputatlar Palatasının Xarici Əlaqələr Komissiyasının sədri, eyni zamanda Paraqvay-Azərbaycan dostluq qrupunun rəhbəri Valter Enrike Harms Sespedes və Senatdakı Paraqvay-Azərbaycan dostluq qrupunun sədri Lukas Orlando Akino Xara ilə görüşdə deyib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bayraqdar.info-ya verilən məlumata görə, qonaqları salamlayan nazir C.Bayramov 2019-cu ildə Azərbaycanın xarici işlər nazirinin, habelə 2022-ci ildə xarici işlər nazirinin müavinin Paraqvaya səfərlərinin, bu xüsusda keçirilən görüşlərin ikitərəfli əlaqələrə töhfə verdiyini bildirib: “Nazir, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının, o cümlədən parlament diplomatiyasının önəmli yer tutduğunu ifadə edib. Paraqvay-Azərbaycan dostluq qrupunun üzvlərinin Azərbaycanla bağlı məsələlərdə böyük fəallıq göstərdiyi, habelə Xocalı ilə bağlı Paraqvay Parlamenti tərəfindən qətnamənin qəbul edilməsi minnətdarlıqla qeyd olunub”.

Nazir C.Bayramov, həmçinin Paraqvay Parlamentinin nümayəndələrinə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ağır nəticələri, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, habelə bölgədə aparılan bərpa-quruculuq işləri, sülh quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verib: “Hazırda Paraqvay Respublikasının Xarici İşlər Nazirliyinin iki gənc diplomatının ölkəmizdə təlim proqramında iştirak etdiyini qeyd edən nazir Ceyhun Bayramov, bu kimi mübadilələrin ikitərəfli əlaqələrin inkişafında müsbət rol oynadığını bildirib”.

Paraqvay Parlamentinin nümayəndə heyətinin üzvləri, öz növbələrində Azərbaycana səfəri və bu xüsusda keçirilmiş görüşləri, habelə işğaldan azad edilmiş ərazilərə edilən səfəri yüksək qiymətləndirərək bu səfərin ölkədəki vəziyyətlə yerindəcə tanış olmaq baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər: “Paraqvayın hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini, həmçinin Azərbaycanın ədalətli mövqeyini dəstləklədiyi vurğulanıb. Qarşı tərəf, Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduqlarını və səfərin potensial əməkdaşlıq sahələrinin müəyyən olunması baxımından əhəmiyyətini qeyd ediblər”.
Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərini müzakirə ediblər.

Mission News Theme by Compete Themes.