Son yeniləmə: 14 İyun 2022 08:58
Bayraqdar.info – Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı başlayıb.
Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Qeyd edilib ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri 5 çəki dərəcəsində mübarizəyə başlayıblar: “Təmsilçilərimizdən Elvin İbadov (48 kq) təsnifat mərhələsində rumıniyalı Alberto Marian Enaçeskuya tam üstünlüklə qalib gəlib (8:0), 1/4 finalda türkiyəli Ali Sümbüllə görüşü də vaxtından əvvəl öz xeyrinə yekunlaşdırıb – 13:4. O, yarımfinalda macar Levente Fiqeylə gərgin keçən qarşılaşmadan da qalib ayrılaraq (2:1) finala yüksəlib. Güləşçimiz həlledici görüşdə gürcü Vaxtanq Lolua ilə üz-üzə gələcək”.
Məlumata əsasən Fəraim Mustafayev (55 kq) 1/8 finalda Mario Andrey Mariuta heç bir şans saxlamayıb – 9:1: “O, növbəti görüşlərdə gürcü Saba Surmanidzeni 8:0, ukraynalı Maksim Çubenkonu 9:0 hesabı ilə məğlub edib. F.Mustafayev finalda erməni Hayk Lyudviqyan üzərində də qələbə qazansa, titulunu qoruyacaq. Seymur Qasımov (65 kq) debütdə bolqar Xristiyan Borislavov İvanovu çətinlik çəkmədən üstələyib – 9:1, rumıniyalı Pavel Marian Alekseni də eyni hesabla məğlub edərək yarımfinala yüksəlib. Macarıstanlı Levante Levayla finala vəsiqə uğrunda mübarizə aparan güləşçimiz rəqibini “tuşe” ilə yolundan kənarlaşdırıb. S.Qasımov son qarşılaşmada yunanıstanlı Arionas Kolitsopulosla qızıl medal uğrunda güləşəcək”.
Məlumatda deyilir ki, İsmayıl Rzayev (80 kq) isə əvvəlcə xorvat Dominik Qrqiçə 8:1 hesabı ilə qalib gəlib, daha sonra serbiyalı Branko Dukiçi də yolundan kənarlaşdıraraq (5:1) yarımfinala adlayıb: “O, finalın bir addımlığında rumıniyalı Nikolaos Qavril İqnateskudan güclü olub – 5:2. İ.Rzayev həlledici qarşılaşmada moldovalı Mihay Qutuyla mübarizə aparacaq. Nəhayət, Məzahim Mərdanov (110 kq) startda bolqar Maksim Milçev Petrovu (Bolqarıstan) xalçadan məyus yola salıb (3:1), 1/4 finalda erməni Rafayel Tovmasyana “tuşe” ilə qalib gəlsə də, yarımfinalda türkiyəli Cemal Yusuf Bakırla bacarmayıb – 0:8. M.Mərdanov sabah bürünc medal uğrunda görüşə çıxacaq. Rəqib Yeqor Jekov (Moldova) – Dimitrios Tanos (Yunanıstan) görüşünün qalibi olacaq”.
Qeyd edilib ki, bu çəkilərdə medal görüşləri iyunun 14-də Bakı vaxtı ilə 19:00-da başlayacaq.