Son yeniləmə: 14 İyun 2022 09:45
Bayraqdar.info – Gimnastika üzrə Güney Azərbaycanlı çempion Əmirrza Misgəri məsulların laqeydliyi nəticəsində milli komandadan çıxarılıb.
Əmirrza Misgəri bu barədə özünün sosial media hesabında paylaşım edib.
2011-2017-ci illər arası tramplin üzrə ard-arda İran çempionu olan Ə.Misgəri 2017-ci ildə Filippində keçirilmiş Asiya yarışlarında 3-cü yeri tutub.
“20 il gimnastika üzrə fəaliyyət göstərib 10 il milli komandada olmağıma baxmayaraq məsullardan heç biri mənimlə maraqlanmayıb. Görəsən bu ölkə niyə bu gündədir? Nə üçün məni 20 il həyatımı həsr etdiyim idmandan nifrət etmək səviyyəsinə çatdırıblar”, – deyə Ə.Misgəri bildirib.
Qeyd edək ki, may ayının əvvəllərində İran millisinin keçmiş cüdoçusu Səid Mövlayi 3 illik müqavilə əsasında Azərbaycan millisinin tərkibinə qatılıb.
Bununla yanaşı aprel ayında İranın avarçəkmə üzrə milli komandasının üzvü Bəhmən Nəsiri də Azərbaycan Respublikasına mühacirət edib. Əslən Güney Azərbaycanın Zəngan şəhərindən olan idmançı müxtəlif beynəlxalq yarışlarda qızıl medallar qazanıb.
İranlı idmançıların Azərbaycan Respublikasına köçməsinin İran hökumətinin idman sahəsinə və çempionlara yetərli diqqət ayırmaması ilə əlaqədar olduğu yazılıb.
Güneyli idmançı Ə.Misgərinin yaxın çevrəsi onun Azərbaycan Respublikasına köçə biləcəyi və Azərbaycan bayrağı altında çıxış edəcəyi ehtimalının yüksək olduğunu bildirir.
Qaynaq: GünAz.TV