Son yeniləmə: 14 İyun 2022 13:39
Bayraqdar.info – İyunun 13-də gənclər və idman naziri Fərid Qayıbov Penitensiar Xidmətin Tərbiyə Müəssisəsini ziyarət edib, burada məhkumlar üçün yaradılan şəraitlə maraqlanıb.
Bu barədə bayraqdar.info-ya Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müəssisənin inzibati binası, görüş otaqları, idman zalları, eləcə də, orta məktəbdə tədris prosesi və sinif otaqları ilə tanışlıq olub: “Daha sonra tibb korpusu, idman zalları, yataqxana, kitabxanaya baxış keçirilib. Maarifləndirmə, tərbiyəvi işlər və asudə vaxtın təşkili məsələləri barədə nazirə məlumat verilib”.
Nazir həmçinin müəssisədə cəza çəkən gənc məhkumlarla görüşüb: “Görüş zamanı gənclərin gələcək planları, oxuduqları kitablar, idman fəaliyyətləri, eləcə də burada sevdikləri məşğuliyyətləri müzakirə edilib, istəkləri dilə gətirilib”.