Son yeniləmə: 14 İyun 2022 09:31
Bayraqdar.info – “Qara dəniz təbii qazını quruya daşıyacaq boruların işə salınmasını alqışlayırıq”.
Bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar Türkiyədə Qara dəniz qazının quruya daşıyacaq boruların dənizə endirilməsi və qaynaq mərasimi ilə bağlı yaydığı yazılı açıqlamada qeyd edib. Məlumata əsasən E.Tatar açıqlamasında Qara dəniz təbii qazını quruya daşıyacaq boruların işə salınması ilə Türkiyənin enerji müstəqilliyi hədəfində mühüm mərhələyə çatmasını alqışladığını qeyd edib.
Bu münasibətlə Türkiyə dövlətini və xalqını təbrik edən KKTC Cümhurbaşqanı Doğu Akdenizin ən güclü ölkəsi olan Türkiyənin hər keçən gün daha da güclənməsinin Kıbrıs türk xalqı üçün də xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
O açıqlamasında həmçinin rum rəhbərliyinin Kıbrıs adası ətrafındakı təbii sərvətlərlə bağlı atdığı birtərəfli addımların gərginliyə səbəb olduğunu vurğulayıb. E.Tatar onsuz da gərginliyin hökm sürdüyü bölgədə rum tərəfinin bu vəziyyəti daha da gərginləşdirən birtərəfli fəaliyyətinin dəstəklənməsinin adada etimad yaratmaq səylərini aradan qaldırmaqla yanaşı, bölgəyə əlavə problemlərin də gətirilməsinə səbəb olacağını deyib.
Təbii sərvətlərin gərginlik və qarşıdurma meydanı deyil, regional əməkdaşlığa nail olmaq üçün bir vasitə olmasını arzuladığını vurğulayan dövlət başçısı Türkiyə Cümhurbaşqanı Recep Tayyib Erdoğanın “Doğu Akdeniz Konfransı” təklifini dəstəkləyib. Bunu adada lazımi əməkdaşlığın qurulması üçün unikal fürsət kimi qiymətləndirb.