Press "Enter" to skip to content

DİM-in nümayəndələri beynəlxalq forumda

Azərbaycan nümayəndəsi forumda çıxış edərkən

Son yeniləmə: 14 İyun 2022 09:55

Bayraqdar.info – Qazaxıstanın Türkistan şəhərində “İnsan Kapitalı Forum”u keçirilib. Özəl və dövlət sektoru təşkilatlarının səmərəliliyinin artırılmasında insan resurslarının idarə edilməsinin rolu və əhəmiyyəti ilə bağlı olan konfrans Regional Xab və Qazaxıstan İnsan Resursları Menecerləri Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Bu barədə bayraqdar.info-ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, forum çərçivəsində Xab tərəfindən iştirakçı ölkələrin insan resurslarının idarə edilməsi sahəsində təcrübələrinin paylaşılması məqsədilə “Dövlət qulluğunda insan kapitalı” və “İnteqrasiya kodu, mədəniyyətlərarası aspekt” mövzusunda panel sessiyalar keçirilib: “Ölkəmizi tədbirdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov təmsil edib. Bəhram Xəlilov Azərbaycanın dövlət qulluğu sistemində insan kapitalının rolu və sahə üzrə yenilikləri barədə tədbir iştirakçılarına məlumat verib”.

Məlumata əsasən, Qazaxıstana səfər zamanı DİM-in nümayəndələri Regional Xabın Rəhbər Komitəsinin sədri Əlixan Baymənov və Türkiyə Respublikası İnsan Resursları İdarəsinin şöbə müdiri Savaş Ceylan ilə də görüş keçirib. Görüşlərdə qurumlar arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barədə müzakirələr aparılıb: “Eyni zamanda, Qazaxıstanın Nur-Sultan şəhərində Nazarbayev Universitetinin Dövlət Siyasəti üzrə Ali Məktəbinin 2022-ci ilin “Dəyişən dünyada dövlət siyasəti və yaxşı idarəetmə” adlı konfransı (GSPPConf2022) çərçivəsində Dövlət Qulluğu üzrə Astana Regional Xab tərəfindən “İnsanlara əsaslanan idarəetməyə doğru: ölkələrin perspektivləri” mövzusunda panel sessiya təşkil edilib. Panel sessiyada xidmətlərin göstərilməsi üçün insan yönümlü yanaşmanın layihələndirilməsi və qurulması ilə bağlı perspektivlər müzakirəsi olub. Tədbirdə Azərbaycan, Qazağısan, Qırğızıstan, ABŞ, Koreya Respublikası və digər ölkələrin nümayəndələri öz ölkələrinin təcrübələrini bölüşüblər”.

Qeyd edilib ki, panel sessiyada DİM-in Strateji inkişaf şöbəsinin böyük məsləhətçisi Səbinə Hüseynova “Dövlət xidmətlərinin göstərilməsi: Azərbaycan Respublikasının perspektivləri” adlı təqdimatla çıxış edib. O, Mərkəzin göstərdiyi xidmətlər və sahə üzrə ölkədə fəaliyyət göstərən aparıcı qurumlar barədə tədbir iştirakçılarına məlumat verib və panel sessiyanın sonunda iştirakçıların sualları cavablandırıb.

Mission News Theme by Compete Themes.