Press "Enter" to skip to content

Qazi övladı olan Azərbaycan məktəblisindən dünya rekordu – ÖZƏL

Şükran Mikayılzadə

Son yeniləmə: 14 İyun 2022 16:36

Bayraqdar.info – Məlum olduğu kimi, hazırda Türkiyə universitetlərinə qəbul imtahanları keçirilir. Hər il olduğu kimi bu il də həmin imtahanlarda azərbaycanlı gənclər də xüsusi fəallıqla iştirak edirlər.

Bu il keçirilən qəbul imtahanlarını yaddaqalan edən bir başqa məqam isə azərbaycanlı məktəbli Şükran Mikayılzadə ilə bağlıdır. Məlumat üçün bildirək ki, Türkiyə universitetlərinə “Math Academy” hazırlıq kursunda hazırlaşan Ş.Mikayılzadə bu il Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin 11-ci sinifini başa vurur.

Onun uğurunun nədən ibarət olmasına gəlincə, “Math Academy”dən bayraqdar.info-ya verilən məlumata görə, Şükran Marmara Universitetinə keçirilən YÖS qəbul imtahanında 96,71 bal toplayıb. Bu dünya üzrə rekord nəticədir. Belə ki, Ş.Mikayılzadə bu il Marmara Universitetinə dünyanın müxtəlif ölkələrindən YÖS imtahanı verənlər arasında ən yüksək nəticə göstərib.

Onu da bildirək ki, 10 iyul 2005-ci ildə anadan olmuş Ş.Mikayılzadə orta məktəb illərində hər zaman uğurları ilə fərqlənib. 9-cu sinifi fərqlənmə attestatıyla bitirən Şükran 10-cu sinifdə Respublika Fənn Olimpiadasında final turuna kimi iştirak edib. 2022-ci ildə Respublika Fənn Olimpiadasının final turunda 3-cü yeri tutaraq bürünc medala layiq görülüb. O, 11-ci sinif buraxılış imtahanının nəticələrinə görə də fərqlənmə attestatı alacaq.

Onu da qeyd edək ki, Şükranın atası Mühəndis Mikayılov Qarabağ qazisidir.

Şükran orta məktəbdə oxuduğu illərdə alman, ingilis, rus, türk və koreya dillərini öyrənib.

Ş.Mikayılzadə həkim olmaq və tibbin sirlərini öyrənmək üçün qardaş Türkiyədə ali təhsil almaq niyyətindədir.

Mission News Theme by Compete Themes.