Son yeniləmə: 14 İyun 2022 19:35
Hulusi Kılıç: Şuşa Bəyannaməsinin imzalandığı tarix hər iki qardaş ölkədə bayram günü kimi qeyd olunmalıdır
Bayraqdar.info – “15 iyun Türkiyə və Azərbaycan üçün tarixi bir gündür. Bu tarix hər il iki qardaş ölkədə bayram günü kimi qeyd olunmaldır. Əvvəla ona görə ki, 15 iyun 2021-ci il tarixində qədim Şuşa şəhərinə tarixi bir səfər reallaşıb, ilk dəfə Türkiyə Cümhurbaşqanı Qafqazın incisi Şuşaya səfər edib. İkincisi, ən önəmlisi isə iki qardaş ölkənin əlaqlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi rəsmən təsdiqlənib, tarixi Şuşa Bəyannaməsi imzalanıb”.
Bunu Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü müansibətilə bayraqdar.info-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç söyləyib.
Yeni dönəm üçün yol xəritəsi
Səfir qeyd edib ki, Şuşa Bəyannaməsi tarixinin ən yüksək zirvəsinə çatan Türkiyə-Azərbaycan əlaqələrinin yeni dönəm üçün bir yol xəritəsidir: “Bu tarixi sənəd həm Türkiyə-Azərbaycan əlaqələrinin, həm də ümumilikdə bölgənin gələcək inkişafı üçün bir proqram xarakteri daşıyır. Şuşa Bəyannaməsi bır sıra razılaşmaların yer aldığı Konstitusiya sənədi kimidir. Çünki bu Bəyannamə 13 oktyabr 1921-ci ilin Kars müqaviləsinə, 9 fevral 1994-cü ilin Dostluq və Əməkdaşlıq Müqaviləsinə, həmçinin mənim Azərbaycanda səfir olduğum dönəmdə, 16 avqust 2010-cu ildə imzalanan Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım müqaviləsinə istinad etməkdədir. Bəyannamə siyasi, iqtisadi, hərbi, sosial, mədəni sahədə əməkdaşlığı, iki ölkənin beynəlxalq təşkilatlarda birgə addım atmasını, həmçinin türk dünyası ilə bağlı vacib məqamları nəzərdə tutur”.
Bəyannamə bölgənin gələcək inkişafı üçün də əhəmiyyətlidir
H.Kılıç deyib ki, Mustafa Kemal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözü və Ümummilli lider Heydər Əliyevin “Bir millət – iki dövlət” kəlamı ilk dəfə rəsmi bir sənəddə, yəni Şuşa Bəyannaməsində öz əksini tapmışdır: “Bu da böyük önəm kəsb edir. Hesab edirəm ki, bu tarixi sənədin bir dərs vəsaiti kimi hər iki ölkənin təhsil müəssisələrində öyrənilməsi vacibdir. Hər kəsin, xüsusillə də gələcəyimizin idarəçiləri olan bu günün uşaq və gənclərinin Şuşa Bəyannaməsinin önəmini bilməsi, bu sənədin hansı tarixi əhəmiyyətə malik olduğunu öyrənməsi lazımdır. Mən bu tarixi sənədin bölgənin gələcək inkişafı üçün də əhəmiyyətli olduğunu heç də təsadüfən demədim. Məsələ burasındadır ki, Şuşa Bəyannaməsi bölgə üçün sülh, əminamanlıq və inkişafı hədəfləyən bir əməkdaşlığa xidmət edir. Bu sənəddə Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi dəstək qeyd olunmaqdadır. Eyni zamanda Bəyannamə Türkiyə-Azərbaycan münasibətlərini iqtisadi, sosial, siyasi, ümumilikdə bütün sahələrdə əks etdirməkdədir. Təbii ki, hər iki məqamda da atılacaq addımlar bölgənin, Qafqaz regionunun da təhlükəsizliyinə və inkişafına xidmət edəcək. Burada reallaşacaq hər bir layihə regionun bütün ölkələrinə, o cümlədən, əgər ağıllı addım atmaqda özündə güc taparsa, Ermənistana da dividentlər vəd edir”.
Şuşa Bəyannaməsi iki qardaş xalqa ümid və güc verməkdədir
Səfir Bəyannamədə iki bəndin xüsusilə diqqət mərkəzində olduğunu deyib: “Bunlardan birincisi təhlükəsizlik məsələsidir. Belə ki, əgər dövlətlərdən birinə hücum baş verərsə, qarşılıqlı olaraq bu hücumun öz dövlətinə edildiyini qəbul edərək bir-birinə kömək edirlər. Bu, əslində NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər bir bənddir. Digər məsələ isə komunikasiya yollarının açılması ilə bağlıdır ki, burada da Zəngəzur dəhlizi nəzərdə tutulur. Türkiyə ilə Azərbaycan arasında imzlanan sənədlərdə ilk dəfə məhz bu bəyannamədə Zəngəzur dəhlizindən bəhs edilir. Ümumiləşdirsək deyə bilərik ki, Şuşa Bəyannaməsi iki qardaş xalqa ümid və güc verməkdədir. Ona görə də bu sənədin imzalandığı gün iki ölkədə də bayram günü kimi qeyd edilməlidir”.