Son yeniləmə: 14 İyun 2022 14:40
Bayraqdar.info – I, II, III və IV ixtisas qrupları üzrə yay qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin qeydiyyatı davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iyunun 14-ü saat 09:30-a olan məlumata görə, test (2-ci cəhd) imtahanı vermək üçün 14 min 513 abituriyent qeydiyyatdan keçib. (Azərbaycan bölməsi üzrə 12 min 828, rus bölməsi üzrə 1685 nəfər).
Məlumata əsasən ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsinin ikinci cəhdində martın 4-17-də və ya aprelin 6-25-də I-IV ixtisas qruplarının hər hansı biri üzrə ərizə təqdim etmiş abituriyentlər iştirak edə bilərlər: “II və III ixtisas qrupu üzrə imtahanda iştirak etmək istəyənlər iyunun 20-si saat 23:59-dək, I və IV ixtisas qrupu üzrə imtahan vermək istəyənlər isə iyulun 4-ü saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib, verilən link vasitəsilə imtahana yazıla bilərlər.
Qeyd edilib ki, aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir:
-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;
-Şəhid ailəsinin üzvləri;
-Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;
-Məcburi köçkün statusu olan şəxslər;
-I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
O da vurğulanıb ki, imtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər: “Abituriyentlərə ikinci imtahana qeydiyyat zamanı birincidəkindən fərqli ixtisas qrupunu seçməyə icazə verilir. İyunun 12-də keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanından “qeyri-məqbul” qiymət almış abituriyentlər yay imtahanına buraxılmayacaq. Yay qəbul imtahanları III ixtisas qrupu üzrə iyulun 6-sı, II ixtisas qrupu üzrə iyulun 7-si, I və IV ixtisas qrupları üzrə isə iyulun 20-21-də keçiriləcək”.