Son yeniləmə: 13 İyun 2022 12:37
Bayraqdar.info – İstanbul Universiteti Kitabxanasının direktoru Sonay Tahmaz Kaleci, əməkdaşlardan Gülsüm Akalan və Gülcan Çakır Mərkəzi Elmi Kitabxanada olublar. Səfərdə məqsəd hər iki kitabxana arasında əməkdaşlıq körpülərinin yaranmasına yardım etməkdir.
Bu barədə bayraqdar.info-ya iyunun 13-də MEK-in İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən məlumat verilib.
Bildirilib ki, MEK-in icraçı direktoru, dosent Şəhla Tahirqızı qonaqlarla görüşərək yüz ilə yaxın yaşı olan, ölkənin nüfuzlu kitabxanaları sırasında yer alan Akademiyanın elmi kitabxanasının çoxşaxəli fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verib: “Həmçinin MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü qonaqları kitabxananın Sərgi salonu, Akademiklər zalında yerləşən müxtəlif ölkələrin nümayəndəlikləri tərəfindən hədiyyə edilən nəşrlərin mühafizə edildiyi Diplomatik fond, AMEA-nınyaradılmasında əməyi keçən 15 akademikin büstlərinin yer aldığı qalereya, həmçinin Aprel və Tovuz döyüşlərinin, Birinci və İkinci Qarabağ müharibəsinin şəhid, qazi və iştirakçıları barədə məlumatların sistemli şəkildə toplanıldığı Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış edərək, onlara geniş informasiya verib”.
Görüş zamanı MEK-in mübadilə fondundan qonaqlara Azərbaycan şairi, mütəfəkkir və filosofu Məhəmməd Füzulinin nəfis tərtibli III cildlik əsərləri hədiyyə edilib: “Qonaqlar kitabxana ilə tanışlıqdan məmnunluqlarını bildirərək, gələcəkdə əməkdaşlıq əlaqələrinin qurulmasını təqdirəlayiq hesab ediblər”.