Son yeniləmə: 13 İyun 2022 14:40
Bayraqdar.info – Gənclərlə başlı çoxsaylı layihələrə imza atan “İrəli” İctimai Bilriyi bu istiqamətdə fəaliyyətini davam etdirir. Belə ki, İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə tərəfdaşlığı ilə “Gənclər davamlı inkişaf üçün” layihəsinə başlanılıb.
Bu barədə bayraqdar.info-ya iyunun 13-də “İrəli” İctimai Birliyindən bildirilib.
Məluamtda qeyd edilib ki, layihə üç mərhəldən ibarətdir: “Layihənin hazırkı mərhələsində respublikamızın müxtəlif regionlarını təmsil edən 30 gənc bir həftə müddətində seminar planlaması, region gənclərinin ehtiyaclarının öyrənilməsi, münaqişəli halların səmərəli idarə edilməsi və digər mövzularda müxtəlif təlim sessiyalarında iştirak edəcəklər. Həmçinin layihə müddətində gənclərlə işləyən şəxslər qeyri-formal təhsil və onun prinsipləri haqqında yeni məlumatlar əldə edəcək, Dayanıqlı İnkişaf Məqsədlərinin regionlar üzrə tətbiq mexanizmləri mövzusunda praktiki tapşırıqlar icra edəcəklər”.
Bildirilib ki, layihənin növbəti mərhələlərdə isə gənclərin öyrəndikləri bilik və təcrübələri yaşadıqları regionlarda təlim və görüş formatında digər gənclərlə bölüşməsi, habelə region gəncləri arasında sorğuların keçirilməsi nəzərdə tutulur: “Sorğulardan əldə ediləcək nəticələr vasitəsilə region gənclərinin ehtiyac və problemləri öyrəniləcək, bu istiqamətdə təkliflər hazırlanacaq. “Gənclər davamlı inkişaf üçün” layihəsinin əsas məqsədi cəmiyyətdə fəal vətəndaşlığının təmin olunması, gənclərin yumşaq bacarıqlarının gücləndirilməsi, region gənclərinin inkişafı istiqamətində təşəbbüslərin artması ilə ümumilikdə gənclər şəbəkəsinin inkişafına töhfə verməkdir”.
Layihə çərçivəsində ilkin olaraq 23 şəhər və rayondan ümumilikdə 15 min gəncin əhatə olunması hədəflənib.