Son yeniləmə: 13 İyun 2022 18:43
Zaur Bayramlı: Azərbaycandakı iş adamları, məmurlar bu məsələdə səfərbər olunmalıdırlar
Bayraqdar.info – Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşımız, ictimai-siyasi fəal Zaur Bayramlı vətəndədir.
Səfər çərçivəsində bayraqdar.info-ya müsahibə verən Zaur bəylə həm Dünya Azərbaycanlılarının V Qurultayı, həm də ümumilikdə diasporla bağlı suallara cavab aldıq.
Bu qurultay qalib Azərbaycanda keçirilirdi
-Zaur bəy, bəllidir ki, vətənə bu dəfəki səfəriniz Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etməklə bağlı olub. Ümumiyyətlə bu qurultay barədə təəssüratlarınız necədir?
-Dediyiniz kimi, mən aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında – Zəfər Qurultayında iştirak etmək üçün Azərbaycana gəldim. Bu, tarixi bir qurultay idi. Çünki Şuşanın milli, mədəni, mənəvi, siyasi dəyəri Azərbaycan xalqı üçün bir başqadır. Həmin qurultayda həm dostlara, həm də düşmənlərə çox önəmli tarixi mesajlar verildi. Prezident İlham Əliyev qurultaydakı çıxışında bildirdi ki, biz Ermənistana sülh sazişi imzalamaq üçün son şans veririk.
Əgər Ermənistan tərəfi bu şansı dəyərləndirərək sülh müqaviləsi imzalamağa razı olmasa, biz də Azərbaycan olaraq Ermənistanın ərazi bütövlüyünü tanımadığımızı rəsmən bəyan edəcəyik. Bu o deməkdir ki, Azərbaycan Ermənistan ərazisində olan tarixi torpaqları ilə bağlı rəsmi iddia qaldıracaq. Bu da indiyə qədərki müdafiə diplomatiyasından hücum diplomatiyasına keçmək deməkdir. Qurultayla bağlı təbii ki, müxtəlif ölkələrdə yaşayan diaspor nümayəndələrimiz tərəfindən tənqidi fikirlər səsləndirənlər də oldu. Bu tənqidlərdən haqlı olanlar da vardı, haqsız olanlar da. Bəziləri açıq deməsə də tənqidinin kökündə “məni niyə dəvət etmədiniz” incikliyinin dayandığı hiss olunurdu. Təbii ki, qurultayın bütün nümayəndələri ideal deyildi. Nümayəndələr arasında, yumşaq desək, bu tədbirdə iştirakı daha az haqq edənlər də vardı. Amma mən məsələyə tarixi prizmadan yanaşmağın tərəfdarıyam. Bu baxımdan da əvvəldə dediyim kimi, bu, tarixi bir qurultay idi. Ən əsası, bundan əvvəlki qurultaylar, məğlub Azərbaycanda keçirilibsə, bu qurultay qalib Azərbaycanda keçirilirdi.
-Qurultayın xaricdə yaratdığı əks-səda barədə nələri deyə bilərsiniz?
-Ümumilikdə qurultay beynəlxalq aləmdə böyük əks-səda doğurdu. Bu qurultaydan sonra İrandan narazı səslər gəlməyə başladı. Rusiyadan bəzi analitiklər əslində dövlətin sifarişlərini yerinə yetirərək fikirlər səsləndirdilər. Eyni zamanda Ermənistan da bu qurultayı narahatlıqla qarşıladı. Əgər bir fəaliyyət düşməni narahat edirsə, deməli bu, uğurlu fəaliyyətdir. Bu baxımdan da qurultayı uğurlu olaraq dəyərləndirirəm.
Bu gün biz Şuşalı Azərbaycandan söhbət edirik
-Vətən müharibəsindəki qələbədən sonra okeanın o tayından Azərbaycan necə görünür?
-Bu yaxınlarda siyasət adamlarından biri də bu sualı mənə vermişdi. Mən ona verdiyim cavabı eyni ilə sizə deyirəm. Azərbaycanda nə iqtidarın göstərdiyi kimi hər şey güllük-gülüstanlıq, nə də müxalifətin iddia etdiyi kimi hər şey qapqara rəngdə deyil. Yəni Azərbaycan bunun ikisinin ortasındadır. Azərbaycanda müsbət şeylər də var, mənfi şeylər də var. Bu gün biz Şuşalı Azərbaycandan söhbət edirik. Bu, böyük qələbədir. Mən inanıram ki, tezliklə biz Xankəndidə də, Xocalıda da Şuşadakı kimi addımlayacağıq. Bildiyiniz kimi, Azərbaycanda müharibə zamanı milli birlik və həmrəylik formalaşmışdı. Xalq-dövlət-ordu birliyi çox ideal bir şəkildə idi. Başda Prezident İlham Əliyev olmaqla Azərbaycan hakimiyyəti o dövrdə çox uğurlu daxili və xarici siyasət həyata keçirdi. Təbii ki, bu alqışlanmalıdır. Müxalifət yaxşı şeyləri təqdir etməyi bacarmalıdır. Eyni zamanda biz iqtidardakı hər bir məmura onların fəaliyyəti çərçivəsində qiymət verməyi bacarmalıyıq. Yəni pisi-pis, yaxşını-yaxşı deməyi bacarmalıyıq. Müsbət imicli məmurları təqdir etmək lazımdır ki, korrupsioner məmurlar da heç olmasa bunlara baxıb bir az utansınlar.
-Bu gün türk dünyasının inteqrasiyası dərinləşir. Bəs ABŞ-da türk dövlətlərindən olan diaspor təmsilçilərinin birlikdə addım atması baxımından vəziyyət necədir? Birlik və həmrəylik varmı?
-Təbii ki, var. 44 günlük Vətən müharibəsi dövründə də biz bunu hiss etdik. Hər il ermənilərin qondarma 24 aprel “soyqırımı” günündə də eyni həmrəylik nümayiş etdirilir. Nyu Yorkda türk yürüşlərində də bu həmrəylik hiss edilir. Təbii ki, bəzi çatışmazlıqlar da var. Amma hesab edirəm ki, Orta Asiyadakı türk dövlətlərinin diaspor təmsilçiləri də bu cür tədbirlərdə daha yaxından iştirak edəcəklər. Onlar da Türkiyə və Azərbaycan diasporları kimi ümumi işlərdə çəkici eyni zindana vura biləcəklər. İnanıram ki, Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti digər türkdilli diasporlar üçün də əlavə stimul olacaq. Onu da deyim ki, Güney Azərbaycandan olan soydaşlarımız bu məsələlərdə çox aktivdirlər.
Diaspor siyasətində Güney Azərbaycanlılar faktoru mütləq nəzərə alınmalıdır
-Dediniz ki, diaspor fəaliyyətlərində Güney Azərbaycandan olan soydaşlarımız çox aktivdirlər. Ümumiyyətlə, xaricdəki diaspor təşkilatlarımızın fəaliyyətində Güneyli soydaşlarımızın yerini necə xarakterizə edərdiniz?
-Bu sualı verdiyiniz üçün təşəkkür edirəm. Çünki diasporla bağlı danışarkən bir məqamın üzərində də xüsusi olaraq dayanmaq istəyirəm. Hesab edirəm ki, həm Diasporla İş üzrə Dövlət Komitəsi, həm də ümumilikdə Azərbaycan dövləti diaspor siyasətində xarici ölkələrdəki Güney Azərbaycanlılar faktorunu çox ciddi şəkildə dəyərləndirməlidir. Yəni Azərbaycandan kənarda olan fəaliyyətlər zamanı, xüsusilə də diaspor fəaliyyətlərində Güney Azərbaycanlılar faktoru mütləq nəzərə alınmalı, çox ciddi şəkildə dəyərləndirilməlidir.
Çünki hazırda xarici ölkələrdə yaşayan və Güney Azərbaycandan olan soydaşlarımızın çoxu 1979-cu il il İran inqilabından sonra həmin ölkələrə gediblər. Bu da 40 ildən çox müddət deməkdir. Həm onların sayı, həm də təcrübələri daha çoxdur. Bu arada mənim xaricdə yaşayan və Azərbaycanın Quzeyindən olan soydaşlarımıza da bir çağırışım var. Əslində, bu, çağırışdan daha çox Güney Azərbaycandan olan soydaşlarımızın gileyidir. Güney Azərbaycandan olan soydaşlarımız dost, qardaş gileyi olaraq deyirlər ki, biz Quzey-Güney ayırımı etmədən bütün fəaliyyətlərdə varıq. Azərbaycanla bağlı bütün işlərdə ön sıralarda gedirik. Amma Vaşinqtonda Güneylə bağlı bir tədbir olanda orada yaşayan və Quzeydən olan azərbaycanlılar adekvat reakisya vermirlər. Düzdür, Vaşinqtonda İran səfirliyi yoxdur. Amma Pakistan səfirliyinin içərisində onların bir dəftərxanası – ofisi var. Güneylilər onun qarşısında dəfələrlə etiraz aksiyaları keçirib. Lakin təəssüf ki, o aksiyalara çox az sayda Quzeyli soydaşımız qatılır. Bu da Güneyli qardaşlarımızı haqlı olaraq incidir. Biz bu məsələlərdə Güneyli qardaşlarımızı tək qoymamalıyıq.
Diaspor təşkilatları media ilə əlaqələrini intensivləşdirməlidir
-Prezident qurultayda qarşıya hədəflər qoydu. Belə bir qənaət formalaşıb ki, diasporumuz o hədəflərə çatmaq üçün həm də Azərbaycan mediası və QHT-lərlə sıx əməkdaşlıq etməlidir. Bu qənaəti bölüşürsünüzmü?
-Təbii ki, bu sahədə əlaqələr dərinləşməlidir. Media diasporun fəaliyyətinə daha geniş diqqət ayırmalıdır. Eyni zamanda diaspor təşkilatları da media ilə əlaqələrini intensivləşdirməlidir. Bir də ABŞ kimi ölkələrdə diasporun güclü olması çox ciddi şəkildə də maliyyə tələb edir. Erməni diasporuna qarşı dirəniş göstərmək üçün diasporumuza dəstək verilməlidir. Təbii ki, diasporumuzun tam gücü ilə addım ata bilməməsində bəzi “diaspor təmsilçilərinin” də “rolu” var. Azərbaycanda olduğu müddətdə hətta cüzi bir haqsızlığa tuş gəlməyən bəzi şəxslər Avropada, ABŞ-da sığınacaq almaq üçün özlərini saxta yolla müxalifətçi kimi qələmə verirlər.
Getdikləri ölkələrin kəşfiyyat qurumları ilə əməkdaşlıq edirlər. Hətta ermənilərin, PKK tərəfdarlarının çəmləşdiyi QHT-lərlə əməkdaşlıq edənlər də var. Belələri Azərbaycana qarşı fəaliyyət göstərirlər. Onların tənqidləri də sağlam deyil, sifarişlidir. Diaspor elə sahədir ki, buradan hər zaman narazılıq olacaq. Bu narazılıqlar da, tənqidlər də haqlı olmalıdır. Haqsız olanların qarşısında isə ilk növbədə biz dururuq. Amma haqlı tənqidləri də dəyərləndirmək lazımdır. Diaspor Komitəsi haqlı tənqid səsləndirənləri dəvət edib dinləməlidir. Düzdür, əvvəlki rəhbərlik dönəmi ilə indiki rəhbərlik dönəmi arasında kifayət qədər fərq var. Xeyli dərəcədə müsbət irəliləyişlər göz önündədir. Amma bununla rahatlanmaq lazım deyil. Yəni diasporun səmərəli fəaliyyəti üçün lazım gələrsə maddi dəstək də verilməlidir. Diasporla İş üzrə Dövlət Komitəsi ilə bağlı narazılıqdan söz düşmüşkən, fürsətdən istifadə edib Komitəyə Türkiyədəki diaspor təşkilatlarımızla bağlı müraciət etmək istəyirəm. Komitə Türkiyədəki diaspor məsələsinə bir əl gəzdirməlidir. Belə deyək ki, qardaş ölkədəki diaspor təşkilatlarımızda yenidən təşkilatlanma olmalıdır. Çünki Türkiyədəki diaspor təşkilatlarına rəhbərlik edənlərin, təmsilçilərimizin böyük bir qismi səmimi və milli insanlar deyillər. Türkiyədə bizim çox dəyərli ziyalılarımız, alimlərimiz var ki, onlar kölgədə qalıblar. Amma layiq olmayan insanlar indiyə qədər müəyyən mənada ön plana çıxarılıb.
Bu bahalı ziyafətlərin Azərbaycan üçün heç bir müsbət nəticəsi olmadı
-Zaur bəy, erməni və Azərbaycan diasporundan danışdınız və dediniz ki, Azərbaycan dövləti diaspora maliyyə dəstəyi verməlidir. Halbuki erməni diasporu dövlətdən yardım almır, əksinə, uzun illərdir Ermənistan dövləti diasporun yardımı ilə ayaqda durur. Bizim diasporun da bu cür fəaliyyət göstərməsinə nə mane olur? Nə qədər Azərbaycan diasporunun bəzi təmsilçiləri Azərbaycandan yardım istəyəcək, maddi yardım gözləyəcək?
-Onun bir səbəbini mən dedim. Erməni diasporunun yaşı bizim diasporun yaşından çoxdur. Digər tərəfdən etiraf etməliyik ki, ermənilərin, yəhudilərin xaricdə pul qazanmaq qabiliyyəti bizdən daha çoxdur. Onlar bu qazandıqlarının da müəyyən bir qismini ölkələrinə yönəldirlər. Mən əminəm ki, zaman keçdikcə bizim diaspor da güclənəcək və dediyiniz istiqamətdə də öz işini uğurla quracaq. Bir müddət sonra biz Azərbaycan diasporunun Azərbaycan dövlətinə maddi dəstək verdiyinin şahidi olacağıq. Burda bir məsələnin üzərində xüsusi olaraq dayanmaq istəyirəm. Bu müsahibəni oxuyanlar elə bilərlər ki, mən maddi yardım edilməlidir deyəndə özümü nəzərdə tuturam. Əsla belə deyil. Əvvəla, mənim hər hansı bir diaspor təşkilatım yoxdur. Özüm fərd olaraq addımlar atıram və hər hansı maddi yardıma da iddiam yoxdur. Amma hesab edirəm ki, ümumilikdə diasporumuzun daha səmərəli fəaliyyəti üçün dövlət tərəfindən maddi dəstək göstərilməlidir. Həmçinin bir şeyi də xatırlatmaq istəyirəm. Azərbaycan üçün çətin anda bizim diaspor təmsilçiləri bir araya gələrək, əllərini daşın altına qoyaraq səfərbər olunmağa, ana vətənə hərtərəfli dəstək göstərməyə çalışırlar və buna nail olurlar. Heç uzağa getməyək, Azərbaycan diasporu tərəfindən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu üçün, eyni zamanda müharibədən sonra şəhid ailələri və qazilər üçün yardım kampaniyaları təşkil edildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, dünyanın bütün nöqtələrində olan diaspor təmsilçilərimiz bu kampaniyalarda fəal şəkildə iştirak etdilər. Hətta ayrı-ayrı hallarda imkanlı azərbaycanlılar fərdi şəkildə də yardımlar göstərdilər.
Yəni bizdə bu cür xoş təcrübə var. Dediyim kimi bu təcrübəni gündəlik fəaliyyət halına keçirmək üçün isə zaman lazımdır. O zamana kimi həm diasporumuz daha da gücləncək, həm də biz də, belə demək mümkünsə, artıq xaricdə pul qazanmaq, iş qurmaq məsələsinə daha dərindən diqqət ayıracağıq. Sizin sualınızla bağlı bir ürəkağrıdıcı faktı da dilə gətirmək istəyirəm. Bəzən elə başa düşülür ki, xaricdəki diaspor təşkilatlarımızın hamısı oturub gözləyir ki, dövlətin ayırdığı pulu əldə etsinlər. Təəssüflər olsun ki, bizdəki bəzi mənfi hallar bu məsələdə də öz mənfi təsirini göstərir. Bəzən diaspor adına guya milyonlar ayrıldığı deyilsə də o pullar düzgün istiqamətlərdə sərf edilmir. Bir misal deyəcəyəm. Keçmiş nazir Ziya Məmmədovun oğlu Azərbaycanın miyonlarla, bəlkə də on milyonlarla dollar pulunu diaspor adı ilə havaya sovurdu.
-Necə?
-Deməli üç-beş konqresmeni çağırıb, ətrafına da 200 nəfər Azərbaycan dövlətinə heç bir dəstəyi olmayacaq insanları yığıb onlara lüks otellərdə bahalı ziyafətlər təşkil etdilər. Bunun da adını qoydular ki, guya diaspor fəaliyyəti, lobbiçilik işi ilə məşğuldurlar. Amma bu bahalı ziyafətlərin Azərbaycan üçün heç bir müsbət nəticəsi olmadı. Halbuki o pulların müəyyən bir hissəsi gerçəkdən diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlara ayrılsaydı, yaxud diaspor təmsilçilərimizin orada iş qurmasına dəstək göstərilsəydi nəticədən danışa bilərdik. Ən azından diaspor təşkilatlarımız üçün ofis məsələsində hər hansı bir dəstək göstərilə bilərdi. Çünki Amerika çox bahalı ölkədir. Orada hansısa bir ofis kirayələmək, həmçinin diaspor işini yürüdəcək işçiləri saxlamaq üçün xeyli pul lazımdır. Deyək ki, işçilərlə birlikdə ayda təxminən yüz min dollar lazımdır. Bu büdcə olmadan ofis qurmaq, orada işi uğurlu icra etmək mümkün olmur. Ofis olanda isə işi də uğurlu qurmaq olur. Ən azı insanların daim gələ biləcəyi, müzakirə apara biləcəyi bir yer olur. Bu gün Azərbaycan diaspor təmsilçiləri o cür imkana malik deyil ki, ayda bu qədər təkcə ofis işinə maliyyə sərf etsin. Ona görə də hələlik Azərbaycan dövləti diaspor təşkilatlarına dəstək verməlidir. Amma yenə də deyirəm, inanıram ki, gün gələcək Azərbaycan diasporu dövlətə maddi dəstək verəcək. Əslində, hazırda bu məsələdə bəzi məmurları hərəkətə gətirmək lazımdır. Bu gün məmurlar var ki, özlərinə, ətraflarına bahalı maşınlar, villalar alır. Elə onlara da bu işi həvalə etmək olar. Yəni onlar heç olmasa səmərəli işlə məşğul olar, diasporumuza dəstək verə bilərlər. Bir sözlə, Azərbaycandakı iş adamları, məmurlar bu məsələdə səfərbər olmalıdırlar. Çünki gerçək diaspor fəaliyyətinə qoyulan sərmayə heç vaxt itmir.