Press "Enter" to skip to content

Bu, sülh danışıqlarını sabotaj etmək cəhdidir

Yeganə Hacıyeva

Son yeniləmə: 13 İyun 2022 15:04

Yeganə Hacıyeva: Masada bir söz deyib realda başqa iş görən Ermənistan hakimiyyətinin yanaşması cavabsız qalmamalıdır

Bayraqdar.info – “Ümumiyyətlə Ermənistan rəsmilərinin Qarabağa səfəri beynəlxalq hüquqa ziddir. Məsələnin digər tərəfi isə odur ki, Ermənistan Baş prokurorunun Azərbaycan ərazisinə qanunsuz səfər etməsi və qondarma qurumun “nümayəndəsi” ilə görüşməsi bu ölkədəki etiraz aksiyaları fonunda baş verib. Yəni Ermənistan hakimiyyəti bununla etirazların fonunda həm diqqəti yayındırmaq, həm də Qarabağ klanının daxildəki ən böyük arqumentini əlindən almaq istəyir. Belə bir fon yaradılır ki, Ermənistan hakimiyyəti sülh danışıqlarında separatçıların, revanşistlərin ürəyindən keçən bir mövqe sərgiləyir”.

Bunu politoloq Yeganə Hacıyeva Ermənistan Baş prokurorunun iyunun 8-də Azərbaycan ərazisinə qanunsuz səfər etməsini və qondarma qurumun “nümayəndəsi” ilə görüşməsini bayraqdar.info üçün şərh edərkən deyib.

Onun sözlərinə görə, bunun başqa bir səbəbi də Ermənistan hakimiyyəti ilə Qarabağ klanı arasındakı gərginliyin azaldılmasına cəhdlə bağlı ola bilər: “Amma bütün hallarda bu səfər sülh danışıqlarını sabotaj etmək cəhdidir. Ermənistan tərəfi rəsmi şəkildə növbəti dəfə sülh danışıqlarının pozulmasına yönəlmiş addım atıb. Bununla da rəsmi Yerevanın iç üzü növbəti dəfə açılır. Yəni bütün dünya bir daha görür ki, Ermənistan tərəfi istər Avropa Birliyi, istərsə də Rusiyanın təşəbbüsü ilə gerçəkləşən üçtərəfli görüşlərdə nəyə söz verməsindən asılı olmayaraq öz bildiyini edir. Bu da digər iştirakçılara, beynəlxalq hüquqa saymazlıqdır”.

Y.Hacıyeva deyib ki, masada bir söz deyib realda başqa iş görən Ermənistan hakimiyyətinin bu yanaşması cavabsız qalmamalıdır: “Beynəlxalq birlik, xüsusilə də Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün təşəbbüslər göstərən ölkələr və təşkilatlar Ermənistana qarşı nəhayət ki, təzyiq mexanizmlərini işə salmalıdır”.

Politoloq onu da qeyd edib ki, Azərbaycan Ermənistan Baş prokurorunun bu cinayət əməlinə qarşı lazımi addım ata bilər: “Ermənistan Baş prokururonun bu qanunsuz səfəri ilə bağlı ona qarşı hüquqi təqib başlanıla, beynəlxalq axtarışa verilə bilər. Özü də bu hüquqi təqib müvafiq beynəlxalq instansiyalar səviyyəsində də qaldırıla bilər. Hüququn aliliyini qorumalı olan bir şəxsin hüquqa zidd addımı öz layiqli qiymətini almalıdır. Bu zaman o məqam da xüsusi olaraq qabardılmalıdır ki, bu səfər Ermənistanın Qarabağdakı separatçılarla birbaşa əlaqədə olduğunun, onlara dəstək verdiyinin açıq bir sübutudur. Yəni bununla Ermənistan hakimiyyəti sözdə “artsax xalqı, iradəsi” fikirini işlətsə də, reallıqda Qarabağdakı ələbaxan, Ermənistan tərəfindən idarə olunan separatçı rejimin olmasını növbəti dəfə nümayiş etdirdi. Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün orda guya müstəqil bir quruluşun olması yalanını ortaya atması bir daha sübut olundu. Hesab edirəm ki, beynəlxalq ictimayyət bu məsələyə də qiymət verməlidir”.

Mission News Theme by Compete Themes.