Press "Enter" to skip to content

ABŞ-dan Rusiya Gününə tərs şapalaq anlamında münasibət

ABŞ Dövlət Departamenti

Bayraqdar.info – İyunun 12-si Rusiya Günü kimi qeyd edilir. Bu günlə bağlı dünyanın hər tərəfindən Rusiyaya və ruslara müxtəlif müraciətlər daxil olur. Bu mənada ABŞ da istisna deyil.

İyunun 12-də ABŞ Dövlət Departamentindən bayraqdar.info-ya daxil olan xəbərdə Rusiya Gününə münasibət bildirilir. Daha doğrusu, ABŞ Dövlət katibi Entoni Blinken bu günlə bağlı fikirlərini açıqlayıb.

“Rusiya xalqı Rusiya Gününü qeyd etməkdəykən mən ABŞ adından bu xalq üçün daha sülhsevər, daha açıq gələcəklə bağlı arzularımı ifadə edirəm. 12 iyun 1990-cı il Rusiya xalqının azadlıq, demokratiya və onları dünyadan təcrid edən divarları yıxmaq yönündə atdıqları önəmli addımla bağlıdır. Dünyanın hər yerində olduğu kimi, Rusiya vətəndaşları da öz həyatlarını repressiyadan uzaq yaşamağı və insan haqları, təməl hüquqlarından təqib qorxusu olmadan yararlanmağı haqq edir. Buraya onlara öz düşüncələrini ifadə etmək və dinc şəkildə öz ölkələrinin mülki və siyasi həyatında iştirak da daxildir”, – deyə E.Blinken bildirib.

Dövlət katibi daha sonra təəssüflə qeyd edib ki, bu günün Rusiyasında Kreml vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı basqılarını artırıb. Bir çox Rusiya vətəndaşları öz hökumətləri ilə bağlı adi həqiqətləri ifadə etmə “cinayətinə” görə barmaqlıqlar arxasındadır. Bu daxili repressiya Rusiyanın öz qonşusu olan suveren dövlətə əsassız və səbəbsiz hərbi təcavüzü fonunda baş verir. Rusiya hokuməti Ukraynada törətdiyi əməlləri öz vətəndaşlarından gizlətmək üçün onları qaranlıqda saxlamağa çalışır.

E.Blinken daha sonra qeyd edir ki, Kremlin müharibəsi Rusiyanı beynəlxaql səviyyədə təcrid edib, dövlət öz vətəndaşlarını qonşuları ilə harmoniyada yaşamaq üçün daha yaxşı gələcək qurmaq imkanından məhrum edir. Bu təcrid qaçılmaz olmasa da Rusiya liderlərinin qərarlarının nəticəsidir. Bu Rusiya Günündə biz 1990-cı ilin iyununda olduğu kimi hələ də azadlıq və ləyaqət axtarışında olan Rusiya vətəndaşlarının istəklərini təqdir edirik.

Mission News Theme by Compete Themes.