Son yeniləmə: 11 İyun 2022 11:43
Bayraqdar.info – Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin (MİTD İB) təşkilatçılığı ilə Ermənistanla sərhəd bölgələrdə fəaliyyət göstərən jurnalistlər üçün seminar keçirilib.
Xəbəri iyunun 11-də bayraqdar.info-ya MİTD İB-in Mətbuat xidmətindən veriblər.
“Tərtər şəhərindəki Regional Peşə və Təlim Mərkəzində keçirilən seminar MİTD İB-in icra etdiyi “Ermənistanın təcavüzkar siyasətindən zərər çəkmiş Azərbaycan jurnalistləri mediada” adlı layihə çərçivəsində keçirilib. Layihənin maliyyə dəstəkçisi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir”, – deyə xəbərdə bildirilir.
“Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, I və II Qarabağ müharibələrinin nəticəsində Azərbaycanda media sahəsinə da ciddi zərər dəyib: “1990-cı illərdən başlayaraq 2021-ci ilə qədər olan müddətdə Azərbaycan media işçiləri cəbhə bölgəsində fəaliyyət göstərərkən həyatlarını itiriblər, fiziki xəsarətlər alıblar, sağlamlıqlarına ciddi zərər dəyib. Həmçinin, Qarabağ bölgəsində mövcud olmuş azərbaycandilli media redaksiyaları fəaliyyətlərini dayandırmaq, yaxud köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıblar. Təəssüf ki, bütün bu məlumatlar ötən 30 il müddətində dağınıq olub, konkret statistik məlumat bazası hazırlanmayıb, beynəlxalq təşkilatların diqqətinə çatdırılmayıb. Bu dövrdə daha çox şəhid jurnalistlərimizin məsələsi qabardılıb. Amma xəsarət alan jurnalistlər və müharibə nəticəsində fəaliyyəti dayandırılmış media qurumları barədə məlumarlar sistemləşdirilməyib”, – deyə xəbərdə bildirilir.
Layihə rəhbəri daha sonra qeyd edib ki, “biz MİTD İB olaraq Agentliyin yardımı ilə icra etdiyimiz layihə çərçivəsində bu sahədə mövcud olan bütün məlumatları araşdırdıq, sistemləşdirdik. Əldə etdiyimiz məlumatlar belədir ki, I və II Qarabağ müharibələri dövründə 11 nəfər Azərbaycan media işçisi cəbhə bölgəsində həyatını itirib. Bunlardan 8 nəfəri jurnalist, 3 nəfəri texniki işçilər olub. 9 nəfər media işçisi fiziki xəsarətlər alıb, sağlamlıqlarına ciddi zərər dəyib. Həmçinin, Qarabağ bölgəsində mövcud olmuş 10 media redaksiyası fəaliyyətlərini dayandırmaq, yaxud, köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıblar. Bu redaksiyalarda işləmiş 125 nəfər media işçisi də öz iş yerini itirib, köçkün düşüb. Biz bütün bu məlumatları toplayıb sistemləşdirdik. Yaxın günlərdə onların əks olunduğu saytın təqdimatı da olacaq”.
M.Ələsgərli qeyd edib ki, Tərtərdə keçirilən seminar zamanı sərhəd bölgəsində fəaliyyət göstərən media işçilərinə insidentləri aktlaşdırmaq və jurnalist təşkilatlarına məlumat göndərmək prosedurları barədə məlumat verilib: “Onlar sərhəd bölgələrində fəaliyyət göstərirlər və insidentlərlə rastlaşmaq riskləri üstündür. Tədbirə qatılmış jurnalistlərə insidentlərlə rastlaşdıqları zaman hadisələri aktlaşdırmaq, hansı ünvanlara göndərmək lazım olduğu barədə məlumat verdik. Bundan sonra sərhəd bölgəsində, qaynar nöqtələrdə insidentlərlə rastlaşan medianın və onun işçilərinin məsələsi dərhal sənədləşdiriləcək və beynəlxalq təşkilatlara təqdim ediləcək”.