Press "Enter" to skip to content

Strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlər

Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib

Bayraqdar.info – Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk dövlətlərdən biri məhz Pakistan olub.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.

Qeyd edək ki, iyunun 9-da Xarici İşlər Nazirliyində Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bayraqdar.info-ya verilən məlumata görə, tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Pakistan İslam Respublikasının Azərbaycandakı Ssəfirliyinin rəhbərliyi, əməkdaşları, habelə ölkəmizdə səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, hərbi və digər sahələrdə inkişaf edən əlaqələrdən danışıb.

Məlumata əsasən nazir müavini ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətləri məmnunluqla vurğulayıb: “Həm keçmiş Ermənistan-Azərbaycan münaqişəsi dövründə, həm 44 günlük Vətən müharibəsi, həm də post-münaqişə dövründə Pakistanın Azərbaycana siyasi dəstək göstərdiyini nazir müavini minnətdarlıqla vurğulayıb. İki dost və qardaş ölkə arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə dair inam ifadə edilib.

Daha sonra çıxış edən Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Azərbaycan və Pakistan arasında münasibətlərin ümumi tarixi, dini və mədəni köklərə malik olduğunu bildirib: “Səfir Pakistanın hər zaman Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq aləmdə tanınmış sərhədlərinin pozulmazlığına tam dəstək göstərdiyini bildirib. Ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə səmərəli əməkdaşlığın mövcud olduğunu deyən səfir Bilal Haye, bundan sonra da Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə münasibətlərin daha da inkişaf etməsinə dair inamını bildirib və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə öz səmimi təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb”.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Pakistan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Mission News Theme by Compete Themes.