Press "Enter" to skip to content

Şəhid ailələri və qazilərin məşğulluğuna dəstək

Mətbuat konfransı zamanı

Son yeniləmə: 9 İyun 2022 16:44

ƏƏSMN tərəfindən şəhid ailələri və qazilərlə bağlı icra olunan sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edir

Bayraqdar.info – Vətən müharibəsindən sonra Dövlət Məşğulluq Agentliyi 12 mindən çox şəhid ailəsi və qazini aktiv məşğulluq proqramlarına cəlb edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, bu barədə iyunun 9-da keçirilən mətbuat konfransında bildirilib. Mətbuat konfransı şəhid ailələri və qazilərin məşğulluğuna dəstəklə bağlı görülən işlərə həsr edilib.

Məlumata görə, Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli postmüharibə dövründə Nazirlik tərəfindən şəhid ailələri və qazilərlə bağlı icra olunan sosial dəstək paketinin artıq 100 min şəxsi əhatə etdiyini, onlara 190 min xidmət göstərildiyini bildirib: “Qeyd olunub ki, o cümlədən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri aparılır. Vətən müharibəsindən sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən 12,1 min şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb edilib. Onlardan 7,8 min nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb”.

Bildirilib ki, Nazirlik tərəfindən 2021-ci ildə başladılan, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na artıq 646 işəgötürən qoşularaq 4538 vakansiya təqdim edib və marafon çərçivəsində artıq 2366 şəxs işlə təmin olunub. Onlardan 1 min 973 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi də əsas hədəflərdən biridir. 2022-ci ilin 5 ayında peşə hazırlığına 1 min 542 vətəndaş cəlb olunub ki, onlardan bir hissəsi də şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır”.

Mətbuat konfransında ödənişli ictimai işlər, əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi və s. proqramlar çərçivəsində də şəhid ailəsi üzvləri, müharibə iştirakçılarının məşğulluğuna dəstək verilməsi işləri barədə məlumat verilib.

Jurnalistlərin müvafiq mövzuda sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.