Press "Enter" to skip to content

Qayda təsdiq edildikdən sonra ödənişlərə başlanacaq

Son yeniləmə: 9 İyun 2022 10:19

Bayraqdar.info – 1991-1997-ci illərdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi üçün hazırlıq işləri artıq yekunlaşır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bayraqdar.info-ya verilən məlumata görə, bu barədə müvafiq Komissiyanın iclasında bildirilib: “Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin 23 dekabr 2021-ci il tarixli Fərmanına əsasən icra olunacaq bu yeni sosial dəstək proqramı müharibə əlillərinin sosial müdafiəsinə daha bir qayğını ifadə edir. Komisssiyanın təklifləri təqdim edilib və bu təkliflər əsasında müvafiq qayda təsdiq edildikdən sonra ödənişlərə başlanacaq”.

Bildirilib ki, qeyd olunan birdəfəlik ödəmələr də elektron sistem üzərindən, proaktiv təyin olunaraq, nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürüləcək: “Aidiyyəti qurumlar tərəfindən 1997-ci il avqustun 2-dək xəsarət alan hərbi qulluqçularının və daxili işlər orqanları əməkdaşlarının, onlardan sığorta ödənişi verilməsinə dair məhkəmə qərarı olan şəxslərin və artıq sığorta ödənişi verilmiş şəxslərin siyahıları əsasında hazırda dəqiqləşdirmələr aparılmaqla ödəniş ediləcək şəxslərin siyahısı müəyyənləşdirilir. İclasda birdəfəlik ödəmənin verilməsi üçün aprılan hazırlıq işləri müzakirə olunub”.

Məlumatda o da vurğulanıb ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə veriləcək birdəfəlik ödəmə I dərəcə əlilliyə görə 8 min 800 manat, II dərəcə əlilliyə görə 6 min 600 manat, III dərəcə əlilliyə görə 4 min 400 manat təşkil edəcək. Onlardan vəfat edən şəxslərin vərəsələrinə də bu ödənişlər veriləcək.

Mission News Theme by Compete Themes.