Press "Enter" to skip to content

Musiqili Teatrda premyera

Azərbaycan Dövlət Akademik Musiqili Teatr

Son yeniləmə: 9 İyun 2022 16:04

Bayraqdar.info – İyunun 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanan “Lara Martin’s Jazz Club” caz tamaşasının premyerası olacaq.

Bu barədə bayraqdar.info-ya Musiqili Teatrdan məlumat verilib.

Bildirilib ki, rus bölməsində ərsəyə gələn əsərin quruluşçu rejissoru İradə Gözəlova və layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir: “Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçıları Əməkdar artist Nərgiz Kərimova və adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır”.

Məlumata görə, “Lara Martin’s Jazz Club”da baş rolun ifaçısı Əməkdar artist Nərgiz Kərimovadır: “Tamaşada Əməkdar artistlər Fərid Əliyev, Şövqi Hüseynov, Nahidə Orucova, aktyorlar Əliməmməd Novruzov, Rauf Babayev və Emil Heydərov iştirak edirlər. Fərqli səhnə tərtibatı ilə seçilən bu tamaşada aktyorların canlı ifalarında məşhur caz kompozisiyalarından nümunələr təqdim olunacaq”.

Qeyd edilib ki, piano ifaçısı Nərminə İsmayılova və “DJ Maqa” – Məhəmməd Məmmədov da aktyorlarla eyni səhnəni bölüşəcəklər.

Mission News Theme by Compete Themes.