Son yeniləmə: 9 İyun 2022 23:34
Görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib
Bayraqdar.info – İyunun 9-da Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə bayraqdar.info-ya Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Məlumata əsasən görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib: “Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb. Bu kimi halların, müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi qeyd olunub. Sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsinin gözlənildiyi ifadə edilib”.