Bayraqdar.info – Bütöv Azərbaycan Ocaqları (BAO) İranda baş verməkdə olan xalq ayaqlanmalarıyla bağlı bəyanat verib.
Xəbəri bayraqdar.info-ya iyunun 9-da BAO Mətbuat xidmətindən veriblər.
“Son günlər İran adlanan ölkədə müxtəlif təbəqələrin bahalığa, inflyasiyaya qarşı geniş etirazlarının və tətil aksiyalarının şahidi oluruq. Şovinist fars rejiminin bahalığa və inflasiyaya nəzarət edə bilməməsi, aztəminatlı vətəndaşlara, xüsusən Azərbaycan türklərinə, o cümlədən digər qeyri-fars millətlərə qarşı ayrıseçkilik, əmək haqlarının artırılması məsələsində millət vəkilləri ilə vətəndaşlar arasında 40 dəfə fərqin olması, əmək bazarının acınacaqlı olduğu bir vaxtda vergilərin 100 faiz artırılması etirazlara səbəb olan amillərdir”, – deyə bəyanatda bildirilir.
Daha sonra qeyd edilir ki, “BAO gerçək durumu incələyib, gerçəklikləri nəzərə alaraq ümumi və sinfi etiraz aksiyalarında zülmə məruz qalmış xalqın yanında olduğunu bəyan edir”.
Bəyanatda bildirilir ki, Azərbaycanın Güneyindəki milli hərəkat Azərbaycan türklərinin güvənə biləcəyi yeganə hərəkatdır və onu dəstəkləməkdə, siyasi gücünə inanmaqda zərrə qədər şübhə edilməməlidir.
BAO öz bəyanatını “Bütün əsir xalqların azadlığı ümidi ilə” sözlərilə bitirir.