Press "Enter" to skip to content

“Azərsu”da yarışlarla əlaqədar komissiya

Qəza briqadalarının maşın və avadanlıqlarla, mal-materialla təmin olunması üçün zəruri tədbirlər görülüb

Bayraqdar.info – İyunun 10-12-də Bakı şəhərində keçiriləcək növbəti Formula 1 yarışları ilə əlaqədar xidmət təşkilatı kimi “Azərsu” ASC tərəfindən mühüm tədbirlər həyata keçirilir.

Bu barədə bayraqdar.info-ya qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, yarışların keçiriləcəyi küçə və prospektlərin, istifadə olunacaq idman və turizm obyektlərinin içməli və tullantı su sistemlərinin fəaliyyətinin dayanıqlığını təmin etmək üçün lazımi işlər görülüb: “Tədbirə yüksək səviyyədə hazırlaşmaq və qarşıya çıxa biləcək problemlərin operativ qaydada həlli məqsədilə “Azərsu” ASC-də komissiya yaradılıb, Tədbirlər Planı təsdiq edilib. Eyni zamanda, işlərin operativ və koordinasiyalı aparılması məqsədilə qərargah yaradılıb. Tədbirlər Planına uyğun olaraq yarışların keçiriləcəyi ərazilərdə içməli və tullantı su infrastrukturlarının normal fəaliyyətini təmin etmək və yarana biləcək qəza hallarının operativ şəkildə aradan qaldırılması məqsədilə monitorinq və qiymətləndirmə işləri aparılıb”.

Məlumata əsasən yarışların keçiriləcəyi yerlərdə içməli su xətlərinin üzərindəki siyirtmələrin istismar vəziyyəti yoxlanılıb: “Marşrutboyu bütün siyirtmə quyuları və yanğın hidrantları təftiş olunub, mövcud siyirtmələrin və yanğın hidrantlarının işlək vəziyyətdə olması üçün profilaktiki tədbirlər görülüb. Mexaniki vasitələrlə və xüsusi təmizləyici maşınlarla 9 kilometrədək kanalizasiya xətləri, 300-dən artıq kanalizasiya baxış quyusu və barmaqlıq təmizlənib”.

Bildirilib ki, yarışların keçiriləcəyi günlərdə ehtimal olunan qəza hallarının operativ şəkildə aradan qaldırılması məqsədilə xüsusi briqadalar yaradılıb və dislokasiya yerləri müəyyənləşdirilib: “Qəza briqadalarının maşın və avadanlıqlarla, mal-materialla təmin olunması üçün zəruri tədbirlər görülüb. “Azərsu” ASC-nin “Bakı Sukanal”, Səbail, Yasamal və Nəsimi rayon sukanal idarələrinin 80-dək əməkdaşı təlimlərə cəlb olunub. Təlimlərdə qəza hallarının operativ şəkildə aradan qaldırılması, əməyin təhlükəsizliyi və digər məsələlər barədə məlumatlar verilib. Təlimə cəlb olunan işçilər nəzəri biliklərlə yanaşı, praktiki məşqlərdə də iştirak ediblər”.

O da qeyd edilib ki, yarışlarla əlaqədar idman və turizm obyektlərinin içməli və tullantı su sistemlərinin fəaliyyətinə nəzarət də gücləndirilib: “Bu məqsədlə “Azərsu” ASC-nin mütəxəssisləri tərəfindən mütəmadi olaraq obyektlərin içməli və tullantı su sistemlərinə baxış keçirilir, aşkarlanmış nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlər görülür, sahibkarlıq subyektlərinə tövsiyələr verilir”.

Mission News Theme by Compete Themes.