Son yeniləmə: 9 İyun 2022 11:08
Bayraqdar.info – İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Azərbaycanda sahibkarların, xüsusilə də mikro, kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdırmaq məqsədilə bir neçə mexanizm təqdim edir. Bunlardan biri də güzəştli kreditlərdir.
Bu barədə bayraqdar.info-ya iyunun 9-da Fonddan məlumat verilib.
Bildirilib ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən bugünədək müvəkkil kredit təşkilatları vasitəsilə 41 min 300-dək layihə maliyyələşdirilib və bu məqsədlə 2,7 milyard manatdan artıq güzəştli kredit vəsaiti ayrılıb: “Verilmiş güzəştli kreditlərin iqtisadiyyatın sahələri üzrə bölgüsündə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinin payı 91,7 faiz təşkil edib. 6,1 faiz sənaye məhsullarının istehsalı və emalı, 1,6 faiz xidmət sahələrinin (infrastruktur, tibb, təhsil və s.) inkişafı, 0,6 faiz isə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb”.
Qeyd edilib ki, məbləğ üzrə kreditlərin 60,5 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 26,1faizi sənaye məhsullarının istehsalı və emalı, 2,2 faizi turizmin inkişafı, 11,1 faizi isə xidmət sahələrinin inkişafına yönəldilib: “Verilmiş güzəştli kreditlər əhalinin məşğulluq səviyyəsinin artırılmasında vacib rol oynayır. 2002-2022-ci illər ərzində verilmiş güzəştli kreditlər hesabına 177 mindən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Güzəştli kreditlərdən istifadə etməklə reallaşdırılan layihələr hesabına kənd təsərrüfatı sahəsində təqribən 113 min, sənaye sahəsində 50 min, turizm və xidmət sahələrində isə 14 minədək insanın işlə təmin olunması imkanı yaranıb”.
Bildirilib ki, 2002-2022-ci illər ərzində güzəştli kreditlərin regionlar üzrə bölgüsündə layihə sayı üzrə 6,5 faiz Bakı şəhəri və ətraf qəsəbələrin, 93,5 isə regionların payına düşür: “Maliyyələşdirilmiş layihə sayına görə regionlar arasında Qarabağ iqtisadi rayonu 17,6 faizlə ilk yerdədir. Məbləğ üzrə kreditlərin 25,6 faiz Bakı şəhəri, 74,4 faiz isə digər regionlarda fəaliyyət göstərən biznes subyektlərinə verilib”.
O da qeyd edilib ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi istiqamətində fəaliyyət göstərən, 2018-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılmış publik hüquqi şəxsdir: “Fond ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyi verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəz edən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi ilə iqtisadiyyatda özəl sektorun payının daha da artırılmasına xidmət edir”.