Son yeniləmə: 8 İyun 2022 09:19
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk dəfə təşkil edilən Peşələr Festivalının Bakı şəhərində yekun tədbiri olub. İyunun 7-də keçirilən yekun tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, təhsil nazirinin müavini İdris İsayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri, rektorlar və b. iştirak edib.
Bu barədə bayraqdar.info-ya ƏƏSMN-dən məlumat verilib.
Məlumat görə, yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib: “Bildirilib ki, ölkənin 10 rayon və şəhərində “Öyrən, Əylən, Peşəni seç” devizi altında müxtəlif peşələr üzrə ekspertlərin iştirakı ilə keçirilən festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənmək şansı qazanıblar. Onlar gələcəkdə əmək bazarının necə formalaşacağı və peşələr üzrə hansı bacarıqların tələb olunacağı barədə məlumatlar, peşələrlə əyani şəkildə tanış olmaq imkanı əldə ediblər”.
Festival boyunca ziyarətçilər üçün aşpaz, dərzi, bərbər-vizajist, frontend developer, qrafik dizayner, interyer dizayner, kompüter proqram təminatı, barista, turizm agenti, elektron cihazların təmiri peşələri üzrə peşəkar ekspertlər tərəfindən təqdimat və vörkşoplar keçirilib: “Festivala qatılan şəxslərə Mərkəzi Karyera filialının məsləhətçiləri tərəfindən peşəyönümü məsləhəti xidməti də göstərilib, “Alo, Karyera” dəstək xidməti və cvyarat.az platforması barədə məlumat verilib. Agentliyin Peşə Hazırlığı Mərkəzləri də Festivalda təmsil olunub. Peşə biliklərini təkmilləşdirmək və ya yeni peşəyə yiyələnmək istəyən işsiz və işaxtaran şəxslərə tədris olunan sahələr barədə məlumatlar verilib, müraciətləri qeydiyyata alınıb”.
Qeyd edilib ki, festival Şamaxı, Bərdə, Qazax rayonlarını, Şirvan, Şəki, Mingəçevir, Gəncə, Lənkəran, Bakı və Sumqayıt şəhərlərini əhatə edib. Tədbirə ümumilikdə 50 mindən çox şəxs qatılıb: “İştirakçılar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər. Festival konsert prqramı ilə başa çatıb”.